“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Futbolinfo.az saytına müsahibəsi
- “Qarabağ”a gələndə Çempionlar Liqasında oynayacağını düşünürdün?
- Qitənin ən böyük klub yarışında çıxış etmək hər kəsin arzusudur. Bu möhtəşəm hissdir. Əlbəttə ki, özümü çox xoşbəxt hiss edirəm. Biz mövsümə tarixi nəticə ilə başlamışıq. Bu bizi çox sevindirir.
- Hansı böyük komandalara qarşı oynamaq istəyərsən?
- Açığı, bu barədə düşünməmişəm. Xüsusi olaraq hansısa komandaya qarşı çıxış etmək kimi düşüncəm yoxdur və kimin bizimlə eyni qrupda olacağı fərq etmir. Təbii ki, böyük stadionlarda, böyük komandalara qarşı oynamaq fərqli hissdir. Amma onu deyim ki, “Real”a, “Barselona”ya qarşı oynamaq arzularımdır.
- Polşa millisində üçüncü qapıçısan. Bu nəticədən sonra hansısa irəliləyiş gözləyirsən?
- Bu barədə nəsə demək doğru olmaz. Çünki bizim milli komandada yüksəksəviyyəli qapıçılar var, hansı ki, onlar Avropanın güclü çempionatlarında çıxış edir. Əlbəttə ki, hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Düşünürəm ki, daim yüksək səviyyədə çıxış etməliyəm. Qərarı isə millinin yeni baş məşqçisi verəcək. Necə olacağını bir yerdə görəcəyik.
- Sonuncu dəqiqələrdə etdiyiniz qurtarışla bağlı nə deyə bilərsiz?
- Baş zərbəsindən sonra dəf etdiyim topu deyirsiz? (Gülür) Bəli, matçın qurtarış anı idi sanki… O mənim instiktim idi. Çox sevinirəm ki, onu bacardım. Biz Çempionlar Liqasına yollana bildik və bu mənim üçün böyük xoşbəxtlikdir.
İdman.biz