Misli Premyer Liqasının ilk iki turuna nəzər salanda, komandaların çıxışında müəyyən fərqlər aydın görünür. İlk turda kollektivlərin bir-birini tam tanımaması böyük rol oynadı.
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov Misli Premyer Liqasının II turunu şərh edərkən deyib.
O, komandaların ilk oyunlarda daha çox ehtiyatlı futbol nümayiş etdirdiklərini bildirib: “Burada söhbət yalnız adlardan getmir, əsas məsələ odur ki, komandaların əksəriyyəti heyətlərini 70-80 faiz yeni transferlərlə formalaşdırmışdılar. Amma ikinci turda mənzərə dəyişdi. Artıq demək olar ki, bütün komandalar oyuna daha açıq başladı, rəqib qapısına yol tapmaq üçün daha çox hücum futbolu göstərdi”.
Mütəxəssis “Neftçi”nin ikinci turda “İmişli” ilə qolsuz heç-heçə etməsi barədə bunları deyib: “Belə oyunlarda təzyiq faktoru qaçılmazdır. Çempionluq uğrunda oynayan komanda üzərində əlavə təzyiq olur. İstər-istəməz məsuliyyət çox olur. Çünki hər kəs yeni mövsümdə fərqli “Neftçi” gözləyirdi. Amma düşünürəm ki, hələ də komandanın uyğunlaşmasına vaxt lazımdır. İlk turlarda heyət tam oturuşmadığı üçün nəticəni daha çox futbolçuların fərdi ustalığı həll edir. “Ağ-qaralar” isə hücumlarında ən azı 2-3 real qol imkanı yaradır, yəni qol vurmaq potensialı var. Belə matçlarda yaranan qol imkanlarını dəyərləndirə bilmirsənsə, sonunda nəticə rəqibin xeyrinə olur. Çünki bu cür qarşılaşmalarda çoxlu qol şansı yaranmır. Rəqiblər çempionata yeni qoşulduqları üçün “Neftçi”yə qarşı daha çox qapalı futbol oynamağa, müdafiədə sıx dayanmağa çalışırlar. Belə vəziyyətdə yaranan azsaylı imkanlardan maksimum yararlanmaq lazımdır. Keçən mövsümlə müqayisədə, “Neftçi”nin müdafiə xətti daha etibarlı təsir bağışlayır. Ötən il hücumda qol vura bilmədikləri qarşılaşmalarda müdafiəçilər tez-tez səhvlərə yol verirdi və komanda 7-8 oyunda qalib gəlmək əvəzinə xallar itirirdi. İndi isə müdafiə xətti daha sabit görünür”.
Azərbaycan millisinin sabiq futbolçusunun fikrincə, "Sumqayıt"ın "Qarabağ"a qarşı keçirdiyi oyunda isə fərqli mənzərə yaranıb: “Ağdam təmsilçisi Çempionlar Liqasına hazırlaşdığı üçün əsas oyunçularını ehtiyatda saxlamışdı. Buna baxmayaraq, Saşa İliçin komandası kifayət qədər qol imkanları yarada bildi. Yay transfer pəncərəsində heyətə yaxşı futbolçular cəlb olundu. Yeni oyunçuların sayəsində “Sumqayıt” istənilən rəqibə qarşı qol imkanları yarada bilir. Müdafiəyə çəkilsələr belə, bu oyunda daha çox hücum şansları əldə etməyi bacardılar. Ağdam təmsilçisi təbii ki, digər komandalara nisbətən daha çox qol imkanı yaratdı, amma “Sumqayıt” da boş qalmadı və ən azı üç real qol fürsəti yarada bildi. Qarabağın əsas heyətdə yer alan futbolçuları meydana daxil olduqdan sonra “Sumqayıt”ın çətinlik çəkdiyi aydın görünürdü. Oyunun ədalətli nəticəsi isə heç-heçə ola bilərdi. Çünki Qurban Qurbanovun komandası 1 top fərqi ilə geridə olanda Leandro Andrade və onun kimi təcrübəsi olan digər futbolçular boş qapıya qol vura bilmədilər. “Qarabağ” üçün hər iki turnirdə paralel mübarizə aparmaq böyük yükdür. Keçən mövsümdə də bu hal müşahidə olunmuşdu və görünür, bu il də davam edəcək. Bu da komandanın performansına təsir göstərir. Çempionat matçlarında istər-istəməz oyun praktikası az olan futbolçular meydanda olur və əsas heyətdə yer alanların performansı müəyyən qədər aşağı düşür. Bu səbəbdən “köhlən atlar”ı məğlub etmək üçün ən əlverişli vaxt məhz avrokubokların qrup mərhələsinə qədər olan dövrlərdir. Bu mövsüm isə onların ya Çempionlar Liqasının, ya da Avropa Liqasının qrupunda oynayacağı dəqiqdir. Biz inanırıq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında oynayacaq. Onlar ən azı səkkiz qarşılaşma keçirməlidirlər və bu oyunların böyük hissəsi də çempionat dönəminə düşəcək. Məhz həmin vaxtlar “Qarabağ” üçün ən çətin dönəmlər olacaq. Buna görə də Premyer Liqada onlardan xal qazanmaq istəyən komandalar üçün ən əlverişli imkan bu dövrlərdə yaranır. “Sumqayıt” da məhz belə bir şansı dəyərləndirməyi bacardı”.
A.Kərimov “Zirə”nin həmişəki kimi sabit çıxış etdiyini söyləyib: “Komanda buraxılan qollara baxmayaraq, stabil oyunu ilə seçilir. Evdə yaxşı infrastrukturla təmin olunmuş meydançada oynayırlar və bu da böyük üstünlükdür. “Qəbələ”nin hücum xəttindəki futbolçular müəyyən çətinliklər yaratsa da, “Zirə”nin ustalığı və oyun təcrübəsi bu baryeri aşmağa imkan verdi. Burada əsas məsələ sistemin oturuşmasıdır. Rəşad Sadıqovun komandası uzun müddətdir eyni oyun üslubuna sadiq qalır və bu, futbolçuların bir-birini daha yaxşı anlamasına şərait yaradır. Komandanın ümumi strategiyası və oyun fəlsəfəsi açıq-aşkar rəqiblərə qarşı üstünlük qazandırır. Hücumların təşkili, pressinq zamanı uyğunlaşma, arxadan oyun qurmaq - bütün bunlar sayəsində rəqibləri səhvə məcbur edərək vacib qollar vururlar. Son görüşdə də məhz bu sabit oyun üslubu nəticəsində iki qol vuraraq oyunu sona qədər qələbə ilə başa çatdırdılar. Deməli, bu dəfə “Zirə”nin oyun fəlsəfəsi “Qəbələ”nin oyun üslubuna qalib gəldi”.
Qeyd edək ki, ikinci turda "Neftçi" səfərdə "İmişli" ilə qolsuz heç-heçə edib, "Qarabağ" evdə "Sumqayıt"a 0:1, "Kəpəz" "Karvan-Yexlax"a 2:3, “Şamaxı” “Sabah”a, “Turan Tovuz” “Araz-Naxçıvan”a, “Qəbələ” isə “Zirə”yə 1:2 hesabı ilə uduzub.
İdman.biz