"Araz-Naxçıvan"la matçlar həmişə çətin keçir".
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.
"Araz-Naxçıvan"a uduzduqları (1:2) Misli Premyer Liqasının II turunun oyunundan sonra açıqlama verən yarımmüdafiəçi rəqibin yaxşı kollektiv olduğunu bildirib: "Bizə qarşı yaxşı hazırlıq görmüşdülər. Standart vəziyyətlərə çox köklənməliydik. Amma bu epizodda qol buraxdıq. "Zirə"yə vurduqları qolu bizə də vurdular. İkinci qolu tam görmədim. Amma deyirlər ki, qəribə qol oldu. Ondan sonra da yaxşı müdafiə olundular. Buna baxmayaraq bir dəfə fərqlənə bildik. Bir sözlə, "Araz-Naxçıvan" bizi öz silahımızla vurdu. Biz də standart vəziyyətlər yaratdıq, amma şanslardan yararlanmadıq".
O, komandaya yeni oyunçuların gəldiyini xatırladıb: "Bir-birimizi başa düşməyə çalışırıq. Buna bir az vaxt lazımdır. Kimsə toplanışda iştirak etməyib və forma yığmağa çalışırlar".
Hüseynov klub prezidentinin mövsümün əvvəlindəki iddialı açıqlamasının onların üzərində çox təzyiq yaratmadığını söyləyib: "Bir az ola bilər. Kənardan təzyiq ola bilər. Biz öz işimizi görməyə çalışırıq. Məncə, gələcəkdə yaxşı olacaq. Bir az səbirli olaq. Yeni oyunçularımız forma yığdıqdan sonra daha yaxşı olacağıq. Düşünürəm ki, yaxşı heyətimiz var. Tovuzda oynayanda yerli azarkeşlər bizə çox dəstək olur. Onlar 12-ci oyunçu kimidir. İnanıram ki, tezliklə rəqibləri doğma meydanda qəbul edəcəyik".
İdman.biz