"Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayevin Sportal.az-a müsahibəsi
- Mövsümün ilk oyununda "Qəbələ" ilə qarşılaşdınız və heç-heçə oynadınız. Bu, sizi razı salan nəticə idi?
- İlk oyun həmişə və hər bir komanda üçün ağır olur. Çünki adaptasiyaya vaxt lazımdır. Yeni komandayıq, yoldaşlıq oyunu az oynamışıq. Ona görə bizə bir az zaman lazımdır. İstənilən halda, “Qəbələ” önünə qələbə üçün çıxmışdıq. Allaha şükürlər olsun ki, ən azından bir xal qazana bildik.
- Səncə, daha artığını etməyə potensialınız var? Yığılan kollektiv çempionatda daha çoxunu edə biləcək gücdədir?
- Bunu zaman göstərəcək. Hamımız daha yaxşısına inanmalıyıq, çalışmalıyıq. Möhkəm kollektiv olsanız, istədiyinizə tədricən çata bilərsiniz. Biz də, bu cür yanaşırıq.
- "Karvan-Yevlax"da kapitanlıq sarğısını daşımağını necə şərh edərdin? Komandada yenisən, amma məşqçilər korpusu sarğını sənə həvalə edib...
- Məşqçilər korpusunun verdiyi qərardır. Təşəkkür edirəm ki, buna layiq görüblər. Mənim üçün yeni təcrübə deyil. Əgər onu mənə layiq görüblərsə, qarşılığını vermək borcumdur. Təbii ki, bunu həm meydanda, həm də meydandan kənarda nəzərdə tuturam.
- Komandanız hələlik ev matçlarını evində keçirmir, Şamaxıda oynayır. Bunun komandanın oyununa, nəticələrinə təsiri olacaq?
- Təbii ki, səbirsizliklə ev oyunlarımızı doğma meydanda oynamaq arzusundayıq. Bizim kimi komandalar üçün azarkeş dəstəyi çox önəmlidir. O vaxta qədər bütün oyunlar səfər kimi olacaq.
- Növbəti turda isə rəqibiniz "Kəpəz"dir. Yəqin ki, sabah onların da oyununa baxacaqsınız və rəqib haqda da bir fikir formalaşacaq?
- Hər oyunun öz hökmü var. İstənilən görüş həm ağır, həm də fərqlidir. Rəqibimizi həm izləmək fürsəti olacaq, həm də məşqçi heyəti oyuna qədər bizləri məlumatlandıracaq. Məşqlərdə ciddi hazırlaşacağıq ki, səhvləri aradan qaldıraq və hazır olaq.
İdman.biz