Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında indiyədək belə çətinlik yaşamayıb.
İdman.Biz Report-a istinadən xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.
Mütəxəssis Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb.
“Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-of görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik.
İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq.
Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik”, - Quliyev bildirib.
Mütəxəssis 1/4 finaldakı rəqib Çexiyanın çox güclü olduğunu sözlərinə əlavə edib: “Erkən final olacaq. Yaxşı və hazırlıqlı komandadır”.
