Ayxan Abbasov: "Müdafiə xəttinə yeni oyunçu cəlb etmək niyyətindəyik"

Xəbərlər
13 Avqust 2025 15:57
44
Ayxan Abbasov: "Müdafiə xəttinə yeni oyunçu cəlb etmək niyyətindəyik"

"Yeni formalaşan komandayıq. Heyətə təzə oyunçular cəlb etmişik".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis 2025/2026 mövsümünə hazırlıqla bağlı fikirlərini bölüşüb: "Üç həftəlik hazırlığımız istədiyimiz kimi keçdi. Yoxlama matçlarında qüvvəmizi sınadıq. Futbolçular da oyundan-oyuna tam formaya düşür. İlk turdan komandanın yaxşı oynamasını və nəticə qazanmasını istəyirik. Matç keçirdikcə daha yaxşı olacağıq".

Abbasov gücləndirmək istədikləri mövqeni də açıqlayıb: "Müdafiə xəttinə yeni oyunçu cəlb etmək niyyətindəyik. Müdafiəçilərimiz azdır. Bizim üçün çətindir. Necə olacağını görəcəyik".

Baş məşqçi transfer çalışmaları barədə də danışıb: "Bu məsələni demək olar ki, bitirmişik. Əgər bizə uyğun futbolçular tapa bilsək, 1-2 oyunçunu heyətə cəlb edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "Şamaxı" I turda "Neftçi"nin qonağı olacaq.

İdman.biz