Almaniyanın “Bavariya” klubunun müşahidə şurasının üzvü Karl-Heinz Rummenigge komandanın hücumçusu Harri Keynin meydandakı rolunun dəyişdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, o, bu barədə “T-Online” danışıb.
“Əvvəllər o, çoxlu qol vuran klassik hücumçu idi. Amma indi o, daha çox pleymeyker kimi çıxış edir, yarımmüdafiəyə çəkilir və dəqiq uzun ötürmələri ilə Maykl Olise və Luis Diazı zərbə mövqeyinə çıxarır. Bu, bizim oyun üslubumuz üçün çox vacibdir”, - deyə Rummenigge bildirib.
Keyn 2023-cü ilin avqustundan “Bavariya”da çıxış edir və onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Bu mövsüm hücumçu 45 oyunda 53 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 65 milyon avro qiymətləndirir.
