Fernandu Santuş: "Çətin görüş olacaq"

Xəbərlər
6 İyun 2025 19:38
62
Fernandu Santuş: "Çətin görüş olacaq"

"Futbolçular təlim-məşq toplanışından əvvəl özlərini yaxşı tərəfdən göstəriblər".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis sabah Latviya ilə keçiriləcək yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında komanda barədə məlumat verib: "Onlardan nələr tələb etdiyimi başa düşürlər. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı sabah Riqadakı "Skonto" stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

İdman.biz