“Şirvan”ın baş məşqçisi: “Belə görüşlərdə qalib gəlmək çox vacib idi”

30 Sentyabr 2026 17:52
82
“Şirvan”ın baş məşqçisi: “Belə görüşlərdə qalib gəlmək çox vacib idi”

“Əsas olan qələbədir. Belə görüşlərdə qalib gəlmək bizim üçün çox vacib idi. Əslində oyuna istədiyimiz kimi başlaya bilmədik, əsas problemimiz bu oldu”.

Bu sözləri İkinci Liqanın beşinci turunda “Şəmkir”ə 3:2 hesabı ilə qalib gələn “Şirvan” komandasının baş məşqçisi Pərviz Bayramov deyib.

Mütəxəssis qarşılaşmanın gedişatını və rəqibin müqavimətini dəyərləndirib.

“Oyunun ağır keçəcəyini bilirdik. Çünki rəqib bizdən öncə 'Qaradağ Lökbatan'a ağır məğlub olmuşdu. Bu, onlar üçün bir stimul idi ki, meydana çıxıb zəif komanda olmadıqlarını sübut etsinlər. Həqiqətən də elə oldu. Şəmkir çətin və ağır rəqibdir. Düzdür, indi ev oyunlarını Şamaxıda keçirir, amma hər halda onlar, səhv etmirəmsə, Şamaxıda məğlub olmamışdılar. Bizim üçün də oyun ağır keçdi. Rəqibin erkən dəqiqələrdə fərqlənməsi bizə çətinlik yaratdı, özümüzü gec toparladıq. Hesab 1:1 olduqdan sonra daha bir qol buraxdıq və matça nəzarəti itirdik”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

P.Bayramov ikinci hissədəki əzmkar geridönüşü və heyətdəki itkiləri də vurğulayıb:

“İkinci hissənin ortalarında yenidən oyunu ələ almağa çalışdıq və sonda buna nail olduq. Yenə də qeyd edirəm, itkilərimiz çoxdur. Düşünürəm ki, növbəti oyunlarda yəqin ki, itkisiz davam edərik”.

İdman.Biz