“Qaradağ Lökbatan”ın baş məşqçisi: “Addım-addım irəliləyirik”

14 Noyabr 2026 17:53
25
“Qaradağ Lökbatan”ın baş məşqçisi: “Addım-addım irəliləyirik”

“Mövsümün əvvəlində qarşımıza yaxşı futbol sərgiləmək və azarkeşlərimizi sevindirmək məqsədi qoymuşduq. Oyundan-oyuna hansı istiqamətdə irəliləyəcəyimizi müəyyənləşdirmək bizim üçün önəmlidir. Meydana çıxdığımız hər oyunda qələbə qazanmağa çalışırıq. Qarşımıza konkret və böyük bir hədəf qoymamışıq. Əsas məqsədimiz addım-addım irəliləmək və hər qarşılaşmada qalib gəlməkdir”.

Bu sözləri İkinci Liqada mübarizə aparan “Qaradağ Lökbatan” futbol komandasının baş məşqçisi Amit Quluzadə deyib.

Çalışdırıcı komandasının çempionatdakı çıxışını da dəyərləndirib.

“Çempionatın başa çatmasına hələ xeyli vaxt var. Hər oyuna əvvəlkindən daha yaxşı hazırlaşmağa çalışırıq. Eyni səhvləri təkrarlamamaq üçün əlimizdən gələni edirik. İnşallah, bu şəkildə də davam edərik. İlk 10 turdan sonra 27 xalla turnir cədvəlinə liderlik edirik. Lakin bu, sona qədər eyni mövqedə qalacağımız anlamına gəlmir. Hazırkı mövqeyimizin fərqindəyik və çalışacağıq ki, çempionatın sonuna qədər liderliyimizi qoruyaq. Bunu isə zaman göstərəcək. Ən yaxın izləyicimiz “Marafon”la aramızda dörd xallıq fərq var. Bu, elə də böyük üstünlük deyil. İkinci Liqada kifayət qədər yaxşı komandalar var və arxayınlaşmaq olmaz. İlk dövrənin sonuna qədər maksimum xal toplamağa çalışacağıq. Bundan sonra qarşıdakı planlarımızı daha dəqiq müəyyənləşdirə biləcəyik”, - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.

Mütəxəssis ikinci dəfə “Qaradağ Lökbatan”a baş məşqçi təyin olunmasından və əvvəlki dönəmlə indiki dövr arasındakı fərqlərdən də danışıb:

“İkinci dəfədir ki, bu komandaya baş məşqçi kimi gəlirəm. Açığı, müəyyən fərqlər var. Mənim rəhbərliyim altında komanda I Liqada çıxış edərkən də oyun baxımından yaxşı təsir bağışlayır, baxımlı futbol sərgiləyirdi. Təəssüf ki, bəzi məqamlar istədiklərimizi həyata keçirməyimizə mane oldu. Hazırda isə planlarımızı reallaşdırmağa əvvəlki dövrlə müqayisədə daha yaxınıq. Birinci Liqada çıxış etdiyimiz vaxt da komandanın oyunundan razı idim. Sadəcə, müəyyən səbəblərdən hədəflərimizə çata bilməmişdik. İnşallah, bu dəfə istəyimizə nail olarıq”.

Quluzadə sonda Birinci və İkinci Liqalar arasındakı fərqlərə də toxunub:

“Sözün açığı, iki liqa arasında müəyyən fərqlər var. Xüsusilə stadionların vəziyyəti və bəzi komandaların peşəkarlıq səviyyəsi baxımından bunu hiss etmək mümkündür. Burada söhbət bizim komandadan deyil, digər bəzi kollektivlərdən gedir. Bununla belə, liqalar arasında çox böyük fərq olduğunu desəm, doğru olmaz. İkinci Liqada mübarizə aparan elə komandalar var ki, güc baxımından Birinci Liqanın bir çox təmsilçisindən geri qalmırlar. Hesab edirəm ki, həmin kollektivlər arasında ciddi fərq yoxdur”.

İdman.Biz