17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA U-17 Avropa çempionatının seçmə mərhələsində ardıcıl ikinci ağır məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, 2026/2027 mövsümünün birinci seçmə mərhələsində mübarizə aparan komandamız bu dəfə Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Almaniyanın Frankfurt şəhərində yerləşən “DFB Kampus”da keçirilən qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi iki oyunda ümumilikdə 11 qol buraxıb. Yığmamız hələlik rəqib qapılarına yol tapa bilməyib.
Xatırladaq ki, komandamız noyabrın 11-də baş tutan ilk görüşündə Almaniya millisinə 0:7 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, iki qarşılaşmadan sonra xalsız qalan Azərbaycan yığması seçmə mərhələdəki son oyununa hazırlaşacaq.
Millimiz noyabrın 17-də Litva ilə qarşılaşacaq. Almaniyanın Bad-Vilbel şəhərində yerləşən “Nidda-Sportfeld” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
