"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda (UEFA SCCC) iştirak edib.
İdman.biz xəbər verir ki, xidmət rəhbəri seçimlər əsasında qatıldığı proqramın 6-cı buraxılışını uğurla tamamlayıb.
Avropa futbol qurumunun Nyon şəhərində yerləşən Baş qərargahında keçirilən təlimlərin yekununda Hacıyevə UEFA-nın diplomu təqdim olunub.
Dörd gün davam edən kurs çərçivəsində iştirakçılar müxtəlif sahələri əhatə edən intensiv sessiyalarda bilik və təcrübələrini artırıblar. Kurs zamanı strateji kommunikasiya planlaşdırılması və taktiki aktivasiya, böhran vəziyyətlərində kommunikasiya və simulyativ mətbuat konfransı, futbolda süni intellektin rolu, həmçinin rəqəmsal platformalarda kreativliyi mövzuları müzakirə olunub, fikir mübadilələri aparılıb.
Nyonda təşkil olunan bu nüfuzlu və intensiv kursa “Qarabağ”la yanaşı, Avropanın aparıcı futbol klublarının, federasiyalarının media və kommunikasiya rəhbərləri də qatılıblar. “Arsenal”, “Atletiko” kimi klubların, həmçinin La Liqa nümayəndələrinin çıxışları maraqla qarşılanıb və fikir mübadilələri ilə davam etdirilib. Təlimlər zamanı dünyanın müxtəlif ölkələrindən olan peşəkar kommunikasya mütəxəssisləri də fikir və təcrübələrini klub nümayəndələri ilə paylaşıblar.
Hacıyevin tədbirdə iştirakı daim təkcə meydanda deyil, bütün istiqamətlərdə fəaliyyətə, xüsusilə təhsil sahəsinə böyük önəm verən klubumuzun dəstəyi ilə gerçəkləşib. Məhz bunun nəticəsidir ki, “Qarabağ”ın müxtəlif departamentlərinin nümayəndələri dəfələrlə dünya və qitəmiqyaslı təlimlərdə, tədbirlərdə ölkəmizi təmsil ediblər.
Qeyd edək ki, Hacıyev ötən ay Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək.
İdman.biz