UEFA Çempionlar Liqasının finalında qarşılaşacaq PSJ və "İnter" mövsümün əvvəlində yarışın əsas favoritləri hesab olunmurdular.
İdman.biz xəbər verir ki, iki komandanın müqayisəsində isə İtaliya təmsilçisinin kuboku qazanmaq şansları daha az sayılırdı.
PSJ hətta liqa mərhələsinin gedişində ilk 24-lükdən kənar qalaraq pley-offa yüksəlməmək təhlükəsi ilə də üzləşmişdi.
Məsələn, 5 turdan sonra hesabında üç məğlubiyyət olan Fransa təmsilçisi 25-ci yerdə qərarlaşaraq, özündən bir pillə öndəki Madrid "Real"ından iki xal geri qalırdı.
Amma sonra qələbələri sıralayan PSJ penaltilər seriyasında hətta turnirin gedişində əsas favorit sayılan "Liverpul"u da mübarizədən kənarlaşdıra bildi (0:1, 1:0, pen. 4:1).
Finala vəsiqə qazandıqlarında isə Paris klubunun prezidenti Nasser Al-Xelaifi həmin dövrü də xatırlatdı: "Liqa mərhələsinin bitməsinə üç tur qalmış, pley-offu əldən verə biləcəyimiz vaxt finala çıxacağımızı desəydilər... Amma mən həmişə futbolçulara, baş məşqçiyə və məşqçi heyətinə inanmışam. Bu mövsüm həm meydanda, həm də meydandan kənarda özəl nələrinsə baş verdiyini hiss edirdim. Hamı bir-biri üçün vuruşurdu, hamı xoşbəxt idi və formamız üçün döyüşməyə hazır idi".
"İnter" isə əksinə, 5-ci turdan sonra gözlənilmədən dörd qələbə ilə liqa mərhələsində ikinci yerə yüksəlmiş və "Liverpul"dan cəmi iki xal geri qalırdı. Ondan sonra yalnız "Bayer"ə (0:1) uduzan Milan təmsilçisi yoluna məğlubiyyətsiz davam edərək, finaladək gəlib çıxdı.
Beləliklə, mayın 31-də Münhendəki həlledici matçda qələbə qazanacaq komanda 2003-cü ildən bəri Çempionlar Liqasının ən gözlənilməz qalibi hesab ediləcək. O vaxt isə yarışı sensasiyalı şəkildə Joze Mourinyonun çalışdırdığı “Porto” qazanmışdı.
İdman.biz