"Üç xal qazanmaq üçün "Sabah"a qarşı sonadək döyüşdük".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az-a Misli Premyer Liqasının 29-cu turunda "Sabah"(0:1) üzərindəki qələbəsini şərh edərkən deyib.
O, "Sabah"la qarşılaşmanın çətin keçdiyini bildirib: "Matç ağır alındı. Sona kimi komanda şəklində üç xal qazanmaq üçün döyüşdük. Bunun da nəticəsində sonda qələbə qazana bildik. Əsl mübarizəli matç idi. "Sabah" keyfiyyətli oyunçulara malik yaxşı komandadır. Onların da yetərincə imkanları oldu ki, qol vursunlar. Sadəcə istifadə edə bilmədilər. Biz isə əksinə, düşən şanslardan maksimum istifadə etdik".
Hüseynli komandasının Premyer Liqadakı yerini qoruyub saxlayacağına inandığını söyləyib: "Qarşıda 7 tur var və bu da 21 xal deməkdir. Komandalar arasında xal fərqi də azdır, çox deyil. Hər şey mümkündür. Çalışacağıq ki, bacardığımız qədər çox xal toplayaq və sonda yüksələ bildiyimiz qədər yuxarı pillələrə qalxaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Çünki yaxşı komandaya sahibik".
2025/2026 mövsümündə ölkə çempionatında legioner limiti tətbiq olunmayacaq. Raufun məsələ haqda fikri isə belə oldu:"Bu qərarın doğru olub-olmadığını gələcəkdə görəcəyik. İndidən nəsə demək tezdir. Bu barədə heç fikirləşmirəm. Hazırda fikrimi "Kəpəz"in qarşıdakı oyunlarına yönəltmişəm. Yalnız bu barədə düşünürəm".
İdman.biz
