“Qələbə qazandığımız üçün çox sevinirik, amma bu hələ son deyil”.
Bunu İdman.biz-ə qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.
O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Litva yığmasına qalib gəldikləri oyun (2:0) haqqında təəssüratlarını bölüşüb: “Litvada olan azarkeş dəstəyi möhtəşəm idi. Oyunumuza gəlib dəstək olduqları üçün hər bir azarkeşimizə təşəkkür edirəm. Onlara və xalqımıza, ailələrimizə qələbə sevinci yaşatdığımız üçün çox sevinirik.
Yolumuza davam etməliyik. Heyətdəki bəzi itkilərimiz müəyyən qədər çətinlik yaratsa da, bunu hiss etdirməməyə çalışırıq.
Qələbəni komanda yoldaşımız Kristina Bakaradzeyə həsr edirəm. Kristina ciddi zədə üzündən yaxın aylarda bizlərlə birlikdə ola bilməyəcək. Ancaq biz onun yerinə də döyüşəcəyik və qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Komandanın kapitanı növbəti matçın da asan olmayacağını vurğulayıb:
“Üç gün sonra səfərdə Monteneqro komandasına qarşı oynayacağıq. Ardıcıl iki səfər matçı olduğu üçün müəyyən çətinliklər yaradır, ancaq düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik. Rəqibimiz çox güclüdür, həm də evdə oynayır. Buna baxmayaraq, oyuna tam hazır olacağıq”.
Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro komandasına qarşı keçirəcək.
İdman.biz
