UEFA Millətlər Liqasında birbaşa D liqasına düşməyib, pley-offda oynamaq üçün futbol üzrə Azərbaycan millisi bu gün İsveçdə mütləq qələbə qazanmalıdır. Bəs bu mümkündürmü?
İdman.biz xəbər verir ki, İsveç komandası artıq qrupda liderliyi və müvafiq olaraq, B liqasına vəsiqəni təmin edib. Həm bu məqam, həm də millimizin Skandinaviya təmsilçisinə qalib gəlmək təcrübəsinin olması müəyyən ümid yaradır.
Ötən il AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində öz meydanında Azərbaycanı 5:0 hesabı ilə məğlub edən İsveç sonra Bakıda turnir baxımından onlar üçün heç bir əhəmiyyəti kəsb etməyən oyunda 0:3 hesabı ilə uduzdu. Özü də komandamız 57-ci dəqiqədən azlıqda oynamışdı.
İsveçlə ötən ilki qarşılaşmada fərqlənən futbolçular – Emin Mahmudov (2 qol) və Renat Dadaşov (1) zədə üzündən bugünkü matçda çıxış edə bilməyəcəklər. Ümumiyyətlə, həmin uğurlu oyunda forma geyinənlərdən kimlərin indi meydana çıxmaq şansı var?
16 futbolçudan cəmi yeddisi qalıb ki, bu da heyətin yarıdan çoxunun dəyişməsi deməkdir. Ötən noyabr qələbəsinə imza atanlardan qırmızı vərəqə almış Bəhlul Mustafazadə, həmçinin Anton Krivotsyuk, Toral Bayramov, Coşqun Diniyev, Aleksey İsayev, Ramil Şeydayev və Mahir Emreli bu gün də millimizin şərəfini qoruya bilərlər.
Həmin qarşılaşmadan sonra İsveç millisi də dəyişib, özü də müsbət mənada: 11 oyun keçirib, onlardan 7-də qalib gəlib və yalnız 3-də uduzub. Bizdə olduğu kimi, onların baş məşqçiləri də yenidir: həm də Yon Dal Tomasson bu komandanın 60 ildən çox müddətdə ilk əcnəbi çalışdırıcısıdır. Danimarkalıdan əvvəl İsveç millisinə rəhbərlik edən sonuncu əcnəbi 1961-ci ildə ingilis Corc Raynor olub.
İsveçin ardıcıl məğlubiyyətsiz oyunlarının sayı artıq 5-ə çatıb. Azərbaycan komandası onlar üçün bu uğurlu seriyanı dayandıra biləcəkmi?
Yığmamız da əvvəlki iki ilin hər birində bir səfər qələbəsi qazana bilib: 2022-ci ildə Slovakiyada 2:1, 2023-cü ildə Estoniyada 2:0. Bu ənənə 2024-cü ildə də davam edəcəkmi?
Suallar çoxdur, cavablar isə bu gecə 23:45-də başlayacaq qarşılaşmada tapılacaq.
İdman.biz