Yığmamızı nə gözləyir: Pley-off, D liqası, yoxsa xilas yolu?

Xəbərlər
15 Noyabr 2024 12:38
1 363
Yığmamızı nə gözləyir: Pley-off, D liqası, yoxsa xilas yolu?

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Estoniya ilə Qəbələdəki qarşılaşma yığmamızın Millətlər Liqasındakı mövqeyi baxımından taleyüklü matçdır.

C liqasının 1-ci qrupunda mübarizə aparan Fernandu Santuşun yetirmələri Slovakiya (0:2, 1:3), İsveç (1:3) və Estoniyaya (1:3) məğlubiyyətlərdən sonra sonuncu pillədə qərarlaşıb. Yığmamız 4-cü yeri tutmamaq üçün məhz Baltikyanı ölkə təmsilçisi ilə mübarizə aparır.

Millimiz sonuncu olmamaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Yığmamız Estoniya ilə qarşılaşmada xal itirsə, 1-ci qrupda sonuncu yeri tutacağı indidən rəsmiləşəcək.

Millimiz 1 top fərqi ilə qalib gəlsə də, son sırada qalacaq. Amma onda son turda İsveçdə möcüzəyə, Estoniyanın isə Slovakiyaya uduzmasına nəzəri şanslar olacaq.

Əslində, 2 və ya 3 top fərqi ilə qalibiyyət də sonuncu yerlə bağlı sualı son turadək uzadacaq. Noyabrın 19-dakı son matçlara üstün durumda yollanmaq üçün ən azı 2 top fərqli qələbə zəruridir. Böyükhesablı qalibiyyət isə nisbətən rahat nəfəs almaq, Slovakiyanın evdə uduzmayacağına ümid üçün əsas verəcək.

Bəs, millimiz sonuncu yeri tutsa nə olacaq? Bu, həm sabah, həm də ayın 19-da rəsmiləşə bilər.

Bu ildən etibarən tətbiq olunan qaydalara əsasən, 4 qrupda sonuncu yeri tutan komandaların nəticələri müqayisə olunacaq. Məsələn, hazırda Latviya 4, Lüksemburq 2, Litva və Azərbaycan 0 xalla öz qrupunda sonuncudur.

Mövcud qayda ilə Litva və Azərbaycan ən pis nəticəyə malik qrup sonuncuları kimi birbaşa D liqasına yuvarlanmalıdır. Digər iki komanda isə D liqasında öz qrupunda 2-ci yeri tutanlarla pley-off oynayacaq. İndiki durumda bu mövqelərdə San Marino ilə Malta qərarlaşıblar.

Əlbəttə, V turun iki günü və VI turun matçları çox şeyi dəyişə bilər. Hələ ki, millimizin taleyi öz əlindədir. Estoniyanı böyükhesablı məğlubiyyətə uğratmaq, son turda Baltikyanı ölkə təmsilçisindən az xal yığmamaq lazımdır.

Santuşun komandası bunu bacarsa, digər qruplarda sonuncu yerlərlə bağlı hesablamalara ehtiyac olmayacaq. Əgər autsayder mövqeyindən qurtulmaq alınmasa, C liqasının digər üç qrup sonuncusunu gözdən keçirəcəyik. Nəticədə yığmamız pley-offla, D liqası arasında qalacaq. Bu görüşlər isə 2026-cı ilin martın 28-də və 31-də baş tutacaq. Pley-offun ilk matçları D liqası təmsilçilərinin meydanında təşkil olunacaq. Bütün liqalarla bağlı pley-off matçlarının püşkü noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, sabah Qəbələdə keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz