Mbappe, Vinisius və Konate dəstək aksiyasında diqqət çəkdi - VİDEO

16 Sentyabr 2026 11:53
78
Mbappe, Vinisius və Konate dəstək aksiyasında diqqət çəkdi - VİDEO

İspaniyanın “Real Madrid” futbol komandasının Kilian Mbappe, Vinisius Junior və İbrahima Konate “Elçe” ilə (3:2) La Liqa matçından əvvəl keçirilən Seuta sakinlərinə dəstək aksiyası zamanı diqqət mərkəzinə düşüblər.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan əvvəl hər iki komandanın futbolçuları üzərində “Todos somos caballas” (“Hamımız Seuta sakinləriyik”) yazılan ağ köynəklərlə meydana çıxıblar. “Real Madrid” də rəsmi olaraq aksiyaya qoşulduğunu açıqlayıb.

Lakin Mbappe, Vinisius və Konate köynəkləri sinə hissəsinə qədər qatlanmış şəkildə geyindikləri üçün üzərindəki mesaj tam görünməyib. Vinisius və Mbappe isə rəqib futbolçularla protokol salamlaşması başa çatmamış köynəkləri çıxarıblar.

İspaniya mətbuatının məlumatına görə, klub daxilində üç futbolçunun davranışı onların şəxsi mövqeyi kimi qiymətləndirilib. “Real Madrid” isə aksiyanı dəstəklədiyini bildirib.

Aksiya Seuta sakinlərinə həmrəylik məqsədi daşıyıb. “Todos somos caballas” ifadəsindəki “caballas” sözü Seuta sakinləri üçün işlədilən qeyri-rəsmi addır.

Qeyd edək ki, Seuta İspaniyanın Şimali Afrikada yerləşən muxtar şəhəridir. Mərakeşlə quru sərhədi var və buna görə miqrasiya və İspaniya-Mərakeş münasibətləri baxımından həssas bölgə sayılır. 2026-cı ilin iyulunun sonlarından etibarən Mərakeş tərəfdən on minlərlə insanın qeyri-qanuni şəkildə Seutaya keçməsi böyük miqrasiya böhranına səbəb olub. İspaniya mediası bunu 2021-ci ildən bəri sərhəddə yaşanan ən böyük böhran kimi təqdim edir.

İdman.Biz