Trampla əlaqələrə görə İnfantino ABŞ Konqresinə çağırıla bilər

10 Noyabr 2026 20:13
32
Trampla əlaqələrə görə İnfantino ABŞ Konqresinə çağırıla bilər

FIFA prezidenti Canni İnfantino qurumun ABŞ prezidenti Donald Trampla əlaqələrinə dair araşdırma çərçivəsində Konqresə çağırıla bilər.

İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, araşdırmanı konqresmen Ceymi Raskin aparır. Məlumata görə, demokratlar seçkilərdə qalib gəldiyi üçün o, Nümayəndələr Palatasının hüquq komitəsinə rəhbərlik edəcəyi gözlənilir ki, bu da ona ifadə vermək üçün çağırış göndərmək, sənədlər tələb etmək səlahiyyəti verəcək.

Komitəni maraqlandıran məsələlər arasında FIFA-nın Nyu-Yorkdakı “Trump Tower” binasında ofis icarəyə götürməsi və Donald Trampa qurumun ilk Sülh mükafatının təqdim olunması var. İnfantino bu mükafatı 2025-ci ilin dekabrında Vaşinqtonda keçirilən dünya çempionatının püşkatma mərasimində ABŞ prezidentinə təqdim edib.

Araşdırmada FIFA rəhbərinin Mayamidəki evində çalışan qadının iş icazəsi məsələsi də yer alır. İddiaya görə, İnfantino müşaviri Karlos Kordeyroya müraciət edərək ona icazə alınmasında kömək istəyib. Sənədlərdə “FIFA Americas” vasitəsilə həyata keçirilən ödənişlərin də olduğu bildirilir.

FIFA isə ev işçilərinin xidmət haqqını İnfantinonun şəxsən ödədiyini və heç bir pozuntuya yol verilmədiyini açıqlayıb.

Araşdırmanın digər istiqaməti dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı ləğv edilmiş layihədir. Layihənin əsas sərmayədarı Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin təsis etdiyi “Thrive Eternal” şirkəti olmalı idi.

Futbol federasiyalarının və qitə assosiasiyalarının etirazlarından sonra FIFA iyulda sövdələşmədən imtina edib. Kuşner qardaşlarının da yanvarda ifadə vermək üçün çağırıla biləcəyi qeyd olunur.

Xatırladaq ki, İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir. Səsvermə 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək FIFA Konqresində baş tutacaq.

İdman.Biz