Mönhenqladbax “Borussiya”sı “Bavariya”nın və Avropanın digər aparıcı klublarının maraq göstərdiyi 17 yaşlı Vael Mohyaya yeni müqavilə təklif etməyi planlaşdırır.
İdman.Biz BILD-ə istinadən xəbər verir ki, klub akademiyasının yetirməsini komandada saxlamaq və rəqiblərinin transfer cəhdlərinin qarşısını almaq niyyətindədir.
Mohyanın hazırkı müqaviləsi 2028-ci ilədək qüvvədədir. Sözləşmədə futbolçunun müəyyən məbləğ qarşılığında klubdan ayrılmasına imkan verən bənd yoxdur. Bu, komandanın Bundesliqadan düşəcəyi hal üçün də keçərlidir.
Lakin futbolçunun nümayəndələri qarşıdakı danışıqlarda müqaviləyə belə bir şərtin daxil edilməsini tələb edə bilərlər. “Borussiya” aşağı liqaya düşərsə, sərbəstqalma məbləğinin nisbətən aşağı, Bundesliqada qalarsa, daha yüksək olması nəzərdə tutula bilər.
Klub Mohyanı satmalı olacağı təqdirdə isə rekord transfer gəliri əldə etməyi hədəfləyir. Hazırkı rekord 2016-cı ildə təxminən 45 milyon avroya (85,7 milyon manat) “Arsenal”a keçən Qranit Cakaya məxsusdur.
