İtaliya Futbol Federasiyası Qallianinin şikayətinə qarşı çıxıb

10 Noyabr 2026 21:49
21
İtaliya Futbol Federasiyası Qallianinin şikayətinə qarşı çıxıb

İtaliya Futbol Federasiyasında (FIGC) prezident seçkiləri ərəfəsində “Milan”ın sabiq rəhbəri Adriano Qalliani ilə qurum arasında hüquqi mübahisə yaranıb.

İdman.Biz ANSA agentliyinə istinadən xəbər verir ki, federasiya Qallianinin Milli Federal Tribunala təqdim etdiyi şikayətə qarşı öz mövqeyini müdafiə etmək üçün prosesə qoşulmaq qərarı verib.

Mübahisə prezidentliyə namizədlərin sənədlərini yoxlamaq üçün noyabrın ikisində yaradılmış komissiya ilə bağlıdır. Komissiyanı FIGC-nin hazırkı xüsusi komissarı və Qallianinin seçkidəki rəqibi Covanni Malaqo təyin edib. Qalliani həmin komissiyanın yaradılmasının qanuniliyini mübahisələndirir.

Məsələnin əsas məqamlarından biri “Cenoa”nın mövqeyini dəyişməsidir. Klub əvvəlcə baş icraçı direktoru Andres Blaskes vasitəsilə Qallianiyə dəstəyini açıqlayıb. Lakin sonradan prezident Dan Şukunun tələbi ilə bu dəstək geri götürülüb və Malaqonun namizədliyi dəstəklənib.

“Cenoa”nın dəstəyi Malaqo üçün həlledici əhəmiyyət daşıyır. Klubun səsi nəzərə alınmasa, o, A Seriyası təmsilçilərinin əksəriyyətinin dəstəyini qazana bilməyəcək.

Prezident seçkiləri dekabrın 14-nə planlaşdırılıb. Bununla belə, tribunalda tərəflərin dinlənilməsi və qərarın qəbul olunması ilə bağlı prosesin səsvermənin ertələnməsinə səbəb ola biləcəyi bildirilir.

İdman.Biz