“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova futbol millisinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, bununla bağlı “Kəpəz” klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.
28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının altıncı turu çərçivəsində “Sumqayıt”la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq. O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivlərinə qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, cari mövsüm “Kəpəz”in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, dörd qol vurub.
