“Qarabağ”lılar heyətdə az olanda millimiz qələbə qazanır?

Xəbərlər
14 Noyabr 2024 14:22
195
“Qarabağ”lılar heyətdə az olanda millimiz qələbə qazanır?

Estoniya və İsveçlə oyunlar üçün açıqlanan Azərbaycan millisinin heyətində klublardan “Qarabağ”ın hamıdan çox – yeddi oyunçusu (Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Toral Bayramov, Nəriman Axundzadə) var idisə, “Zirəli” Rüstəm Əhmədzadənin zədələnməsi səbəbindən hücumçu Musa Qurbanlının komandaya çağırılmasından sonra onların sayı 8 olub.

İdman.biz xəbər verir ki, son üç milli matçın hər birində “Qarabağ”ın beş futbolçusu meydana çıxıb. Sentyabrda millimizin İsveçə 1:3 hesabı ilə məğlub olduğu qarşılaşma ərzində isə ölkə çempionundan yeddi oyunçu çıxış edib.

Maraqlıdır ki, Azərbaycan millisinin iyunda sonuncu qələbəsini qazandığı Qazaxıstanla görüşdə (3:2) “Qarabağ”dan cəmi dörd futbolçu oynayıb - elə martda Monqolustana 1:0 hesabı ilə qalib gəldiyimiz görüşdə də eyni göstərici qeydə alınıb.

Estoniya ilə ötən ilki qarşılaşmalarda da bu mövzu ilə bağlı maraqlı məqamlar var. Belə ki, millimizin Bakıda estonlarla oyunu ərzində “Qarabağ”dan səkkiz nəfər meydanda olub və yekunda heç-heçə (1:1) qeydə alınıb. Oktyabrda səfərdəki matçda isə çempion cəmi üç futbolçu ilə təmsil olunub və nəticə Azərbaycan komandasının xeyrinə olub – 2:0.

Rasim
İdman.biz