“Mançester Siti”nin yay transfer pəncərəsində aktivliyinin arxasındakı şok detal

29 Sentyabr 2026 19:20
83
“Mançester Siti”nin yay transfer pəncərəsində aktivliyinin arxasındakı şok detal

“Mançester Siti” futbol klubunun rəhbərliyi Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilinəcəyindən hələ yayda, transfer fəaliyyətindən əvvəl xəbərdar olub.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi müstəqil komissiyanın rəyi barədə iyul ayında məlumatlandırılıb.

Bunun ardınca “Mançester Siti” transfer bazarında aktiv fəaliyyət göstərib. Yay transfer pəncərəsində komandanın əsas heyətinə 7 futbolçu cəlb olunub və ümumi xərclər 526 milyon avronu (1 milyard 52 milyon manat) keçib.

“Mançester Siti” “Nottingem Forest”dən yarımmüdafiəçi Elliot Andersonu 136 milyon avroya, “Çelsi”dən isə Enzo Fernandesi 146 milyon avroya transfer edib. Klub bununla iki dəfə şəxsi transfer rekordunu yeniləyib.

“Mançester Siti” 2023-cü ilin fevralında Premyer Liqa tərəfindən ittihamlar irəli sürüldüyü gündən etibarən təqsirsiz olduğunu bildirir.

Klubdakı mənbələr isə təqsirləndirici qərar çıxarılacağı təqdirdə apellyasiya şikayəti veriləcəyini açıqlayıblar.

İdman.Biz