Runi “Mançester Siti”nin titulunu istəmir: “Bu medala layiq deyildik”

29 Sentyabr 2026 20:04
73
Runi “Mançester Siti”nin titulunu istəmir: “Bu medala layiq deyildik”

“Mançester Yunayted” və İngiltərə millisinin keçmiş futbolçusu Ueyn Runi “Mançester Siti”nin 2011/2012 mövsümündə qazandığı Premyer Liqa çempionluğundan məhrum edilə biləcəyi ilə bağlı xəbərləri şərh edib.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Runi həmin mövsümdə “Mançester Yunayted”in çempionluğa layiq olmadığını bildirib.

“Buna layiq olduğumuzu düşünmürəm, həmin mövsüm liqanı qazanmaq üçün kifayət qədər iş görmədik. Düşünürəm ki, sona dörd və ya beş oyun qalmış rəqiblərimizi altı və ya yeddi xal qabaqlayırdıq və qələbəni əldən verdik.

Premyer Liqa medalının alınmasından nə qədər vaxt keçib... Bəlkə də bu baş verəcək, medalları ala bilərlər, amma mən bunu istəməzdim. Çünki komanda olaraq həmin il buna layiq olduğumuzu düşünmürəm. Axı biz, aydındır ki, birinci yeri tutmadıq.

Qazandığım beş medaldan razıyam. Bu medalı istəməzdim. Sadəcə 15 ildən sonra “Siti” fırıldaqçılıq etdiyi üçün onu alacaqsan”, – deyə Runi vurğulayıb.

“Şəhərlilər”in 2009-2018-ci illər arasında Premyer Liqanın 100-dən çox maliyyə qaydasını pozmaqda təqsirli bilinəcəyi gözlənilir. Bu halda 2011/2012 mövsümünün çempionluğunun da “Mançester Siti”dən alınması gündəmə gələ bilər.

İdman.Biz