“Bodo Qlimt”də kim nəyə qadirdir?

Xəbərlər
6 Noyabr 2024 16:52
144
“Bodo Qlimt”də kim nəyə qadirdir?

“Qarabağ”ın noyabrın 7-də səfərdə qarşılaşacağı rəqibi “Bodo Qlimt” cari Avropa Liqasının Liqa mərhələsində 3 uğurlu oyun keçirərək, 7 xalla ön sıralarda yer alır.

İdman.biz Norveç klubunun hansı futbolçularının hansı sahədə daha uğurlu və faydalı olmalarını nəzərdən keçirib.

Komandanın 5 qolunun 2-sini Yens Peter Hauge vurub. Hakon Evyen, Kasper Höq və Villads Nilsen hərəyə 1 dəfə fərqləniblər. 5 qolun ötürmələrini 5 fərqli futbolçu verib – Kasper Höq, Yens Peter Hauge, Patrik Berq, Ulrix Saltnes və Fredrik Andre Byorkan.

Cərimə zərbələrini ölkə çempionatında əsasən Patrik Berq yerinə yetirdiyi halda, həmin yarışda komandanın ikinci zərbəçisi Filip Zinkernagel qitə yarışında 2 zərbənin 2-sində də topun başına özü keçib.

3 oyunda qapıya 9 zərbə endirmiş Sondre Sörli bir dəfə də uğur qazana bilməyib. Yens Peter Hauge 7 zərbədən 2-sini qola çevirdiyi halda, Filip Zinkernagel də eyni sayda zərbədən fərqlənə bilməyib.Villads Nilsen yeganə zərbəsini qola çevirib.

Qapı çərçivəsinə gedən zərbələrin sayı isə Ulrix Saltnes və Sondre Sörlidə daha çoxdur – 3. Maraqlıdır ki, Sörli bunu 9 zərbədən edibsə, Saltnesin 3 zərbəsinin 3-ü də qapı çərçivəsinə yönəlib. Yens Peter Hauge və Patrik Berqdə 2 dəqiq zərbə olub.

Ötürmələrin hər oyuna orta sayında (62) və 6-dan az ötürmə edənləri saymasaq dəqiqlik faizində (93%) Odin Luras Byortuft şəksiz liderdir. Ondan sonra daha çox ötürmə verən Patrik Berq (42) və Josteyn Qundersendir (36,5). Dəqiqlik faizində isə Josteyn Qundersen (91) və Villads Nilsen (90) fərqlənirlər. Uzun ötürmələri ən çox Mixal Tomiç (4), Patrik Berq (3,3), Villads Nilsen (3,3) və Hakon Evyen (3) verirlər.

Yens Peter Hauge hər oyuna orta 3 driblinq edir və onların yalnız 53 faizi uğurlu alınır. 2 driblinqləri olan Filip Zinkernagel (86%) və Kasper Höq (80%) bu sahədə daha yaxşıdırlar. Orta 1,7 göstəriciyə malik Hakon Evyenin isə Liqa mərhələsində uğursuz driblinqi olmayıb.

Topalmada komandanın ən mahir oyunçuları Patrik Berq (4,3) və Hakon Evyendir (4).

Komandanın ən çox top itirən futbolçusu Norveç vətəndaşlığı almaq istəyən rusiyalı qapıçı Nikita Xaykindir (15,7). Yens Peter Hauge (15,3), Fredrik Andre Byorkan (12,3), Mixal Tomiç (12), Kasper Höq (11) və Patrik Berqin də (11) belə səhvləri az olmur.

Liqa mərhələsində 20 oyunçusu meydana çıxmış komandada bunlardan 11-i hər 3 oyunda iştirak edib. Yalnız Patrik Berq, Odin Luras Byortuft və Nikita Xaykin 3 oyunu əvvəldən axıra kimi oynayıblar. Yens Peter Hauge 1 dəqiqə oyundan kənarda qalıb. Hakon Evyen 262, Fredrik Byorkan 261 dəqiqə oynayıb.

Ötən 3 oyunda komandanın 5 futbolçusu sarı vərəqə alıb – Patrik Berq, Josteyn Qundersen, Odin Luras Byortuft, Filip Zinkernagel və Sondre Fet. Yeganə qırmızı ilə İsak Myayatya cəzalandırılıb.

Vüqar Məmmədov
İdman.biz