Futbolçu meydança hamarlayan texnikanın altında qaldı - VİDEO

20 Sentyabr 2026 11:26
98
Futbolçu meydança hamarlayan texnikanın altında qaldı - VİDEO

İngiltərə millisinin və “Tottenhem”in sabiq futbolçusu Andros Taunsend Tailand Liqa 1-də “Pattani” ilə oyunun fasiləsində meydança hamarlayan texnikanın altında qalıb.

İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu isinmə zamanı topa çatmaq üçün məşq zonasından kənara çıxıb və stadion əməkdaşının idarə etdiyi motorlu hamarlayıcının yoluna çıxıb. Texnika Taunsendi yerə yıxıb və ayaqlarının üzərindən keçərək təxminən bel nahiyəsinə qədər irəliləyib. Sürücü dərhal texnikanı saxlayıb və futbolçunu xilas etməyə çalışıb.

Taunsend ciddi xəsarət almayıb. O, hadisədən sonra ayağa qalxaraq isinməni davam etdirib və görüşün sonlarında meydana daxil olub. “Prachuap” qarşılaşmada 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Taunsend İngiltərə millisinin heyətində 13 oyun keçirib. O, yayda “Prachuap”a qoşulub və bu, klubun heyətində üçüncü çıxışı olub.

İdman.Biz