“Ayaks” topa sahibolmaya görə nadir göstəriciyə imza atıb

20 Sentyabr 2026 11:34
91
“Ayaks” topa sahibolmaya görə nadir göstəriciyə imza atıb

Niderlandın “Ayaks” futbol komandası Erediviziyada topa sahibolma göstəricisinə görə nadir statistikaya imza atıb.

İdman.Biz xəbər verir ki, Mixel Sançesin komandası “Ekselsior”la matçda topa 81 faiz sahib olsa da, qələbə qazana bilməyib. Rotterdam təmsilçisi cəmi 19 faizlik topa sahibolma ilə görüşdən bir xalla ayrılıb.

“Opta”nın 2010/11 mövsümündən etibarən topladığı statistikaya əsasən, Erediviziyada bir komandanın 80 faizdən çox topa sahib olub qələbə qazana bilmədiyi cəmi iki hal qeydə alınıb. Hər iki dəfə bu, “Ayaks”ın başına gəlib. İlk belə hadisə 26 yanvar 2023-cü ildə “Volendam”la 1:1 hesablı görüşdə yaşanıb. Həmin oyunda Amsterdam klubu topa 83 faiz sahib olub.

“Ekselsior”la matçda “Ayaks” 33 zərbə vurub, onlardan səkkizi qapı çərçivəsinə gedib. Komandanın gözlənilən qol göstəricisi (xG) 2,51, rəqibin isə 0,82 olub. 2023-cü ildə “Volendam”la görüşdə isə “Ayaks” 31 zərbə vurub, yeddisi qapıya yönəlib və xG göstəricisi 3,89-a çatıb.

Qeyd edək ki, “Ayaks” yeddi turdan sonra 14 xal toplayıb və turnir cədvəlində dördüncü pillədədir.

İdman.Biz