İspaniyada “Tenerife”nin futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən epizodda iştirak edən “Andorra”nın qapıçısı Xesus Ovono ilk dəfə açıqlama verib.
İdman.Biz xəbər verir ki, qapıçı klubunun “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib.
“Bunlar həyatımın ən çətin günləridir. Söz tapmaqda çətinlik çəkirəm və baş verənləri hələ də dərk edə bilmirəm. Xesusun itkisinə görə böyük kədər hissi keçirirəm. Onu, ailəsini və onu sevən bütün insanları düşünürəm”.
Ovono hadisə ilə bağlı həllini gözləyən məsələlərin olduğunu da qeyd edib:
“Bilirəm ki, qarşıda aydınlaşdırılmalı çox məsələ var və onların hamısına böyük hörmətlə yanaşacağam. Amma indi, açığı, Xesusdan və yaşadığımız bu ağrıdan başqa heç nə haqqında düşünə bilmirəm. Ruhun şad olsun, Xesus”.
Xatırladaq ki, faciə noyabrın 2-də İspaniya Sequndasının 12-ci turunda “Tenerife” ilə “Andorra” arasında keçirilən qarşılaşmanın sonlarında baş verib. Ovono ilə toqquşmadan sonra 30 yaşlı hücumçunun ürəyi dayanıb. Xəstəxanaya çatdırılan futbolçu noyabrın 3-də vəfat edib.
Görüş 2:2 hesabı ilə yarımçıq dayandırılıb, Ovono isə qırmızı vərəqə alıb.
