Noyabrın 7-də Avropa Liqasında öz meydanında “Qarabağ”ı qəbul edəcək “Bodo Qlimt” 85-ci avrokubok matçına çıxacaq.
İdman.biz xəbər verir ki, ağdamlıların Liqa mərhələsində 4-cü rəqibi buna qədər 41 görüşdə qalib gəlib, 15 dəfə heç-heçə edib, 28 dəfə məğlub olub. Top fərqində də komanda üstün durumdadır -157-109.
Avropa Liqası çərçivəsində Norveç klubu 13-cü oyununu keçirəcək. Qələbə və məğlubiyyətlərinin sayı bərabər olan komanda 2 dəfə heç-heçə edib. Top fərqi 21-18-dir.
Çempionlar Liqasında komanda 2 dəfə 4-cü təsnifat mərhələsinə çıxsa da, Zaqreb “Dinamo”su (2022/23) və “Srvena Zvezda” (2024/25) ilə duellərdə ev qələbəsinin ardından səfərdə daha böyük hesabla uduzaraq yolunu Avropa Liqasına salıb. Baş qitə turnirində komandanın 2 il öncə “Linfild” üzərində 8:0-lıq qələbəsi də var.
Elə həmin mövsümdə Avropa Liqasında qrup mərhələsində çıxış edən “Bodo Qlimt” 6 oyunda 1 qələbə və 1 heç-heçə ilə kifayətlənib.
Qitə turnirlərində komandanın ən böyük irəliləyişi 2021/22-ci illər mövsümündə Konfrans Liqasının 1/4 finalı olub. Həmin vaxt Norveç təmsilçisi “Roma” ilə ev oyununda 2:1-lik qələbə ilə yarımfinala ümidlənsə də, səfərdə rəqibdən 4 cavabsız qol buraxaraq arzularına çata bilməyib.
Ötən qitə mövsümünə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayan “Bodo Qlimt”, bütün təsnifat mərhələlərini, daha sonra isə “Luqano”, “Beşiktaş” və “Brügge”nin olduğu qrupu adlayaraq, 1/16 finalda “Ayaks”a 2 heç-heçənin ardından evdəki oyunda overtaymda uduzub.
Cari mövsümdə Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində Latviya RFŞ-sinə (4:0, 3:1), ardından isə Polşa “Yaqelloniya”sına (1:0, 4:1) hər iki görüşdə qalib gələn Norveç klubu, pley-offda, qeyd etdiyimiz kimi, Serbiya “Srvena Zvezda”sının öhdəsindən gələ bilməyib (2:1, 0:2). Nəticədə yolunu Avropa Liqasının Liqa mərhələsinə salan “Bodo Qlimt” burada Portuqaliyanın 2 klubunu - “Portu”nu evdə (3:2), “Braqa”nı isə səfərdə (2:1) üstələyərək, bu arada Belçika səfərində də “Union”la qolsuz matçdan 1 xalla ayrılıb. Nəticədə komanda 7 xalla 9-cu pillədə qərarlaşıb.
Vüqar Məmmədov
İdman.biz