“İmişli” futbol komandasının məşqçisi Ervins Perkons Azərbaycan Premyer Liqasının səkkizinci turunda “Turan Tovuz” üzərində 1:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, latviyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının çıxışından razı qaldığını bildirib.
“Göstərdikləri səyə və istəyə görə futbolçularıma təşəkkür edirəm. Birinci hissədə möhtəşəm performans sərgilədilər. Bütün boşluqları bağlaya bildilər. İkinci hissədə o qədər də yaxşı deyildik. Çünki enerjimiz tükənirdi. Amma yenə də üç xal bizim haqqımız idi”, - deyə Perkons bildirib.
Mütəxəssis qələbənin qazanılmasında taktiki dəyişikliklərin mühüm rol oynadığını vurğulayıb:
“Enerjimizi artırdıq, rəqibə təzyiq göstərmək üsulumuzu dəyişdik. Bəlkə də futbolçulardan çox şey tələb etdik, amma onlar tapşırıqları çox yaxşı yerinə yetirdilər. Komandanın meydandakı düzülüşündə də dəyişikliklər apardıq. Bunlar nəticəyə təsir göstərən əsas amillər oldu”.
Perkons “İmişli”nin daimi baş məşqçisi olmaq ehtimalına da münasibət bildirib.
“Hələlik uzaq gələcək barədə düşünmürəm. Son hadisələrdən sonra mənə bu həftəlik baş məşqçi vəzifəsini yerinə yetirəcəyim bildirildi. Əlimdən gələni etdim və komandanı oyuna hazırladım. Gələcəyimlə bağlı sualı klub rəhbərliyinə ünvanlamaq lazımdır. Burada olduğum müddətdə maksimum çalışacağam. Rəhbərliklə bu barədə danışmamışam, sadəcə qələbədən sonra bizi təbrik etdilər”.
Qeyd edək ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşmada “İmişli” Dioqo Rollonun 25-ci dəqiqədə vurduğu qolla “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarının sayını yeddiyə çatdıran “İmişli” turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.
