“Hələ əvvəlki “Qarabağ”ı görmürük, “Neftçi”də isə yaxşı mənada dəyişikliklər var”.
Bu barədə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.
56 yaşlı mütəxəssis ötən gün Misli Premyer Liqasının VIII turunda keçirilən Azərbaycan derbisi haqqında fikirlərini bölüşüb.
“Hələ əvvəlki “Qarabağ”ı görmürük. “Neftçi”də yaxşı mənada dəyişikliklər var. Maraqlı oyun alındı. Matç əsl derbi abu-havasında keçdi. Azarkeşlərin də dəstəyi möhtəşəm idi. Futbolçular, tamaşaçılar bu qarşılaşmadan zövq aldılar. Oyunun gedişatı hər iki kollektivin qalib gələ biləcəyini göstərirdi. Sonda qollu heç-heçə qeydə alındı. “Neftçi” son dəqiqədə buraxdığı qola görə təəssüflənə bilər. Amma qarşılaşmanın əvvəlində soruşsaydınız, bəlkə də heç-heçə hər iki komandanı qane edərdi. Amma 3:1 öndə olub qalibiyyəti əldən vermək üzücüdür. Buna görə “Neftçi”nin iki xal itirdiyini düşünürlər”, - deyə o report.az-a açıqlamasında söyləyib.
A.Əsədov Ağdam klubunda bəzi çatışmazlıqların olduğunu söyləyib:
“Qarabağ” hələ də axtarışdadır. Futbolçular komandaya uyğunlaşma prosesindədir. Paytaxt klubunda isə “Neftçi” ruhu hiss olunur. Bunu “Sabah”la oyunda da gördük. Onlar son iki matçda çempionluğa iddialı olduqlarını göstərdilər”.
Xatırladaq ki, “Qarabağ” - “Neftçi” oyunu 3:3 hesabı ilə başa çatıb.
