“Şəfa”nın vitse-prezidenti Əfran İsmayılov komandanın baş məşqçisi Zaur Həşimovun istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, klub rəsmisi yayda üçillik müqavilə imzaladıqları mütəxəssisə rəhbərliyin tam dəstək verdiyini və onunla yolları ayırmağı düşünmədiklərini söyləyib.
“Biz Zaur Həşimova inanaraq, onu bura gətirmişik. Rəhbərlik olaraq arxasındayıq.
Yeni yaranmış komandayıq. Bilirik ki, çətinliklərimiz olacaq.
Futbolçuların bir-birinə uyğunlaşmasına, komandanın öz oyununu tapmasına müəyyən qədər vaxt lazımdır.
“Şamaxı”ya son turda məğlub olsaq da, uşaqlar göstərdi ki, futbol oynamağı bacarırlar. Qələbəyə acdırlar, qazanmaq istəyirlər.
2:0 öndə idik, axıra yaxın konsentrasiya itdi, uduzduq. Yenə şükür ki, istədiyimiz oyunu gördük.
İki yox, daha çox qol vura bilərdik, şanslarımız da var idi. Bu, üzücü, ağır məğlubiyyət oldu.
Oyundan əvvəl də, elə bu gün də Zaur müəllimlə görüşmüşük, ona dəstəyimizi göstərmişik.
İnanırıq ki, bu vəziyyətdən tezliklə çıxacağıq və hər şey qaydasına düşəcək. Qələbələri sıralayacağıq”, - deyə Əfran İsmayılov Sportinfo.az-a açıqlamasında bildirib.
