“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klisman Misli Premyer Liqasının səkkizinci turunda “Qarabağ”la 3:3 hesablı heç-heçədən sonra açıqlama verib.
İdman.Biz xəbər verir ki, futbolçu matçdan sonra bunları deyib:
“Matçın sonuna qədər üç xal əlimizdə idi, lakin son dəqiqələrdə onu əldən verdik. Buna baxmayaraq, göstərdikləri oyuna və əzmkarlığa görə komandama minnətdaram. Meydanda bacardığımız hər şeyi etdik. Amma futbolda belə hallar olur. Nəyin yolunda getmədiyini anlamaq üçün oyunu təhlil etməliyik”.
Bu görüşdə dubl edən futbolçu qarşılaşmanı karyerasının ən yaxşı oyunlarından biri hesab edib-etmədiyi ilə bağlı sualı da cavablandırıb:
“Əlbəttə. Mənim mövqeyim elədir ki, hər oyunda qol vurmaq həmişə mümkün olmur. Bu gün belə vacib oyunda iki qol vurmağı bacardım. Bu, məni sevindirir. Amma həmin qolları komandamızın qələbəsinə dəyişərdim”.
Sonda İdman.Biz-in sualını cavablandıran futbolçu ardıcıl iki oyunda güclü rəqiblərə - əvvəlcə “Sabah”a, sonra isə “Qarabağ”a qarşı oynamağın nə dərəcədə çətin olduğundan danışıb:
“Hər iki rəqibin heyətində yaxşı, keyfiyyətli futbolçular var. Öz oyunumuzla göstərdik ki, heç bir cəhətdən onlardan geri qalmırıq. Biz sona qədər mübarizə aparacağıq”.
O, həmçinin əlavə edib ki, çempionluqla bağlı proqnozlar vermək lazım deyil. Onun sözlərinə görə, hər oyuna hazırlaşmaq və meydana həmişə qələbə qazanmaq üçün çıxmaq lazımdır.
