“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri qarşılaşmanı dəyərləndirib.
İdman.Biz-in sualını cavablandıran futbolçu komandasının sonadək mübarizə aparacağına inandığını və nəticədən razı qaldığını bildirib:
“Bu oyuna hazırlaşmışdıq. “Neftçi” hazırda ən yaxşı formasındadır. Bu mövsüm indiyədək ən çox qol vuran komandadır. “Sabah”la da yaxşı oynamışdılar. Əlhəmdülillah, bir xal qazandıq. Sevinirik. Əlbəttə, sona qədər oyunun nəticəsini dəyişə biləcəyimizə inanırdıq. Heyətimizdə çoxlu yaxşı futbolçular var”.
Məhəmmədəliyev rəqib azarkeşlərin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova münasibətindən də narazılığını ifadə edib:
“Bu, mənim xoşuma gəlmədi. Xocaya niyə toxunursunuz? O, hər zaman, hər yerdə bayrağımızı uca tutur. Ona hörmət etmək lazımdır. Başa düşərdim ki, xarici məşqçilər olsun, onlar haqqında danışasınız. Axı o, “Neftçi”də də oynayıb, xarakterini bilirsiniz. Bu, mənim xoşuma gəlmədi. Amma azarkeşlərdir, nə edirlərsə, edirlər”.
Qapıçı növbəti turda “Sabah”la keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb:
“Mübarizə aparmaq lazımdır. “Sabah” hazırda ölkənin ən yaxşı komandasıdır, Çempionlar Liqasında çıxış edir. Yaxşı oyun olacaq, hamını stadiona gözləyirik. Onların Dortmund “Borussiya”sı ilə matçının bizə üstünlük qazandıracağını düşünmürəm. Çünki oyunlar arasında beş gün var. Yaxşı heyətləri var, problem yaşamayacaqlar”.
