“Qəbələ”nin baş məşqçisi ağır məğlubiyyətin səbəblərini açıqladı

17 Oktyabr 2026 22:14
110
“Qəbələ”nin baş məşqçisi ağır məğlubiyyətin səbəblərini açıqladı

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının səkkizinci turunda “Sabah”a 0:4 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonrakı mətbuat konfransında komandasının ilk hissədə qol imkanlarından yararlana bilmədiyini, fasilədən sonra isə müdafiədə ciddi səhvlərə yol verdiyini bildirib.

“Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. İlk hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik və son 15 dəqiqədə 3 qol buraxdıq. Bir neçə futbolçumuz da bu gün komandaya kömək edə bilmədi. Müdafiədə yaxşı oynaya bilmədik”.

Bekiri ardıcıl iki qarşılaşmada səkkiz qol buraxmalarının səbəblərinə də toxunub. O, uğursuz nəticələrə görə ayrı-ayrı futbolçuları günahlandırmaq istəmədiyini vurğulayıb:

“Son iki matçda müdafiədə pis təsir bağışlamışıq. Amma hansısa mövqeni və ya futbolçunu günahlandırmaq istəmirəm. Bu, komandanın ümumi səhvidir. Problemləri komanda şəklində həll etməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdur. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar”.

Baş məşqçi növbəti turda qarşılaşacaqları “Araz-Naxçıvan”la oyunun da çətin keçəcəyini gözlədiyini söyləyib:

“Heç bir oyun asan deyil. Qalib gəlməyə çalışacağıq. “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Yaxşı komandadır. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında bütün komandalar güclüdür, çempionatın keyfiyyəti yüksəkdir”.

İdman.Biz