“Qarabağ”ın hücumçusu Zakaria Savo Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.
İdman.Biz-in sualını cavablandıran futbolçu bunları deyib:
“Yaxşı oyun idi. Bəli, üç qol buraxdıq, belə hallara yol vermək istəmirik. Amma biz də üç qol vurduq və bu, müsbət məqamdır. Oyunun sonunda heç-heçəyə nail ola bildik. Sonuncu künc zərbəsi zamanı hətta qapıçımız da irəli getdi və biz qol vuracağımıza 100 faiz inanırdıq”.
Futbolçunun sözlərinə görə, “Qarabağ”ın “Sabah”la qarşılaşacağı növbəti oyunda komanda qələbə qazanmaq niyyətindədir:
“Bu oyuna yalnız qələbə üçün çıxacağıq. Biz çempionluğu qazanmaq istəyirik. Bunun üçün ən güclü komandaları məğlub etməliyik. Ora üç xal qazanmaq üçün gedəcəyik”.
