Yanğınsöndürən olmaq istəyən “Sabah”ın ulduzunun inanılmaz hekayəsi

18 Oktyabr 2026 11:15
135
Yanğınsöndürən olmaq istəyən “Sabah”ın ulduzunun inanılmaz hekayəsi

“Sabah” futbol komandasının hücumçusu Coy-Lens Mikels bir neçə il əvvəl yaşadığı maliyyə çətinlikləri və karyerasını bitirmək barədə düşüncələrindən danışıb.

İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu “ntv-Sport” podkastında bir vaxtlar yanğınsöndürən olmaq istədiyini açıqlayıb.

Mikels həmin dövrdə ciddi maliyyə problemləri ilə üzləşdiyini bildirib:

“Ödənişlərimi etmək üçün ailəmdən üç-dörd min avro istəmək imkanım yox idi. Yanğınsöndürən olmaq mənə maraqlı gəlirdi. İnsanları sevindirmək və onlara kömək etmək istəyirdim”.

Almaniyada “Borussiya” (Mönhenqladbax) və “Şalke”nin gənclər komandalarında çıxış edən futbolçu daha sonra “Alemanniya”, “Vakker Nordhauzen” və “Karl Seys Yena”da oynayıb. Zədələr və “Vakker Nordhauzen”in müflisləşməsi onun karyerasını təhlükə altına salıb.

Mikels üçün dönüş nöqtəsi Niderlandın “MVV Maastrixt” komandasına keçidi olub. Futbolçu bu transferi karyerasının ən düzgün qərarı adlandırıb.

Daha sonra “Sabah”a transfer olunan hücumçu iki ildən sonra Səudiyyə Ərəbistanının “Əl-Feysəli” klubuna üz tutub. O, bu qərarının maliyyə səbəbləri ilə bağlı olduğunu gizlətməyib:

“Oraya yalnız pula görə getdim”.

Bir mövsüm sonra Azərbaycana qayıdan Mikels “Sabah”ın heyətində ölkə çempionu olub, Premyer Liqanın bombardiri adını qazanıb və Çempionlar Liqasına vəsiqə əldə edib.

Ruanda millisinin futbolçusu Çempionlar Liqasında Çexiyanın “Slaviya” (Praqa) komandasına qarşı matçda qol vuraraq görüşün ən yaxşı oyunçusu seçilib.

“Bəzən bütün bunların həqiqətən baş verdiyinə inanmaq üçün özümü çimdikləməli oluram”, - deyə Mikels bildirib.

Hücumçu qarşıdakı “Borussiya” (Dortmund) oyunu öncəsi karyerasında əldə etdiyi nailiyyətləri də xatırladıb:

“Çempionlar Liqasında oynadım, çempionluq və kubok qazandım, bombardir oldum”.

Bununla belə, Mikelsin hələ reallaşdırmaq istədiyi bir arzusu var. O, vaxtilə formasını geyindiyi Mönhenqladbax klubunun “Borussiya-Park” stadionunda yenidən meydana çıxmaq istəyir.

Qeyd edək ki, “Sabah” oktyabrın 21-də Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasını qəbul edəcək.

İdman.Biz