Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö” ilə qarşılaşacaqlar.
Bu, təmsilçimizin cari mövsümün əsas mərhələsində ilk ev matçı olacaq. Mərhələyə “Tottenhem”lə İngiltərədəki görüşlə (0:3) start verən “Qarabağ” öz meydanındakı 4 matçdan birincisinə çıxacaq.
Tarixində 11-ci dəfə əsas mərhələdə mübarizə aparan Ağdam klubu evdəki ilk matçlarda uğurlu seriyaya malikdir. Belə ki, son üç mövsümün ilk ev matçında qonaqlar qol da vurmayıblar.
Son iki ildə isə “Qarabağ” qrup mərhələsindəki ilk ev sınağında quru hesabla qələbə qazanıb. Avropa Liqasında “Nant” 3, “Molde” 1 qolla qonaq edilib. Onlardan əvvəl isə “Bazel” Konfrans Liqasında Bakıdan qolsuz sülhlə yola salınıb.
Ümumiyyətlə əvvəlki 10 mövsümdə qrup mərhələsində oynayan “Qarabağ” ilk ev görüşlərində 3 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub. 2017-ci ildə Çempionlar Liqası, 2021-ci ildə Konfrans Liqasında oynayan təmsilçimiz digər 8 cəhdini Avropa Liqasında gerçəkləşdirib.
Əsas mərhələdəki ilk ev oyunları:
18.09.2014. Sent Etyen (Fransa) - 0:0
01.10.2015. Anderlext (Belçika) - 1:0
15.09.2016. Slovan (Çexiya) - 2 :2
27.09.2017. Roma (İtaliya) - 1:2
04.10.2018. Arsenal (İngiltərə) - 0:3
19.09.2019. Sevilya (İspaniya) - 0:3
29.10.2020. Vilyarreal (İspaniya) - 1:3
16.09.2021. Bazel (İsveçrə) - 0:0
15.09.2022. Nant (Fransa) - 3:0
21.09.2023. Molde (Norveç) - 1:0
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” matçı saat 20:45-də başlayacaq.
Vüqar Xeyrullayev
İdman.biz