İrlandiya Futbol Assosiasiyası (FAI) İsrail millisi ilə Millətlər Liqasının oyunları zamanı UEFA tərəfindən məcburi hesab edilən tədbirlər istisna olmaqla, bütün media tədbirlərini ləğv etmək qərarına gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Mənbənin məlumatına görə, İrlandiya və İsrail milli komandalarının futbolçuları oyunlardan sonra formalarını dəyişməyəcək, yığmaların baş məşqçiləri Haymir Hallqrimsson və Ran Ben Şimon isə bir-birinin əlini sıxmayacaq.
Həmçinin İrlandiyanın RTE telekanalı yalnız oyunun canlı yayımını təqdim edəcək və qarşılaşma ilə bağlı əlavə materiallar yayımlamayacaq.
İrlandiya və İsrail milli komandaları Millətlər Liqasında sentyabrın 27-də və oktyabrın 4-də qarşılaşacaqlar. Hər iki oyun neytral meydanda - Macarıstan və Serbiyada keçiriləcək.
Bundan əvvəl UEFA-nın öz himayəsi altında keçirilən turnirlərin püşkatmaları zamanı İrlandiya və İsrail milli komandalarının eyni qruplara düşməməsi ilə bağlı müraciəti qəbul etmədiyi məlum olub.
