“Napoli” prezidenti: “Maradona” sökülməlidir, yeni stadionu özüm tikəcəm”

24 Sentyabr 2026 15:51
78
“Napoli” prezidenti: “Maradona” sökülməlidir, yeni stadionu özüm tikəcəm”

İtaliyanın “Napoli” futbol klubunun prezidenti Aurelio De Laurentis klub üçün yeni stadion tikmək planını açıqlayıb.

İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, funksioner “Napoli”nin yeni stadion və məşq bazası layihələrindən danışıb. Onun sözlərinə görə, Qualianoda 17,5 hektarlıq ərazi müəyyənləşdirilib və burada on futbol meydançası, həmçinin əsas komanda və akademiya üçün 7 500 kvadratmetrlik inzibati və soyunub-geyinmə sahələri yaradılacaq.

De Laurentis bildirib ki, klub üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion layihələndirib. Arenada 120 skay-boks, restoranlar və interaktiv muzey də nəzərdə tutulur. “Napoli” prezidenti stadionun tikintisinin tamamilə öz vəsaiti hesabına maliyyələşdiriləcəyini və işlərin təxminən 24 aya başa çatdırılacağını deyib.

Funksioner hazırkı “Dieqo Armando Maradona” stadionunun isə sökülməli olduğunu düşünür. Onun fikrincə, region və şəhər rəhbərliyinin nəzərdə tutduğu ümumilikdə 200 milyon avroluq investisiya arenanın problemlərini əsaslı şəkildə həll etməyə kifayət etməyəcək.

“Napoli” prezidenti keçmiş baş məşqçi Luçano Spalletti ilə bağlı suala da diqqətçəkən cavab verib. O, məşqçilərin futbolçulardan ibarət orkestri idarə edən əməkdaşlar olduğunu, amma nəticədə klubun işçisi olaraq qaldıqlarını söyləyib:

“Bəzən bunu unutmağa meylli olurlar”.

De Laurentis həmçinin ideal halda yalnız gənc futbolçulardan ibarət komanda qurmaq istədiyini bildirib.

İdman.Biz