Cəlal Hüseynov: “Bolqarıstan çempionatına tramplin kimi baxıram”

Xəbərlər
3 Oktyabr 2023 13:35
176
Cəlal Hüseynov: “Bolqarıstan çempionatına tramplin kimi baxıram”

“İki oyun az keçirməyimizə baxmayaraq, turnir cədvəlində 4-cü sıradayıq. Bu bizim üçün yaxşı göstəricidir”.

Bunu İdman.biz saytına Bolqarıstanın “Arda” klubunda legioner həyatı yaşayan azərbaycanlı futbolçu Cəlal Hüseynov deyib.

20 yaşlı gənc müdafiəçi artıq komandaya adaptasiya olunduğunu bildirib. Onun sözlərinə görə, “Arda”da çox yaxşı abu-hava var: “Ardıcıl 5 oyundur qələbə qazanırıq və bunu davam etdirmək istəyirik. Kollektivlə yaxşı anlaşmışam. Hər şey yaxşıdır. İlk gəldiyim gündən istər məşqçilər, istərsə də futbolçular mənə çox yaxşı dəstək oldular”.

O bildirib ki, əsas hədəfi daha da inkişaf etməkdir: “Çempionatın startında çox az-az oynamaq şansı qazanırdım. Əsasən də əvəzetmədən oyuna daxil olurdum. Bir şans qazandım və bundan istifadə etdim. Qol da vura bildim. Ən yaxşısı odur ki, komanda qələbələr qazanır. Mən də əlimdən gələni edirəm ki, onlara kömək edim. Ən əsas da özümü inkişaf etdirməyə çalışıram”.

Müdafiəçi Bolqarıstan çempionatında açıq və sürətli futbola üstünlük verildiyini qeyd edib: “İkili mübarizələrin çox olması da diqqətimi çəkir. Tam sürətli və top səviyyədə çempionat olduğunu da deyə bilmərik, amma açıq futbolun olması, sürətin olması epizodların çoxluğuna gətirib çıxardır”.

Cəlal “Arda”ya getməyinin səbəbini də açıqlayıb. O bildirib ki, əsas hədəfləri Bolqarıstan çempionatına bir tramplin kimi baxmasıdır: “Burda özümü daha da inkişaf etdirməyə, göstərməyə çalışıram. Bundan sonra daha da yaxşı çempionatlara getmək istəyirəm”.

Qeyd edək ki, Cəlal Hüseynov “Zirə”nin yetirməsidir. O, “Arda”ya da Bakı klubundan transfer olunub. Komandası 10 oyundan sonra 22 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Emin Ağa

İdman.biz