“Qarşılaşma gözlədiyimizdən gərgin keçdi”.
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Osiyek"lə cavab oyununda sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, penaltilər seriyasında qalib gəldikləri üçün oyunçularla fəxr edir: “Onlarla fəxr edirəm. Öpüb, bağrıma basıram. Azərkeşlərimizə minnətdaram”.
- Tyaqo Silva ilə penaltilər seriyasından öncə nə danışdınız?
- Onu tənqid etdim. "Şerif"lə oyunda Tyaqoya heç nə deməmişdim. Aqressiv olması üçün tənqid etdim. Bu gün böyük ustalıq göstərdi. Bildirdim ki, sənə çox güvənirik. 5 penaltidən 4-nü dəf etmək heç də asan deyil.
- Rəqibin məşqçisi bildirmişdi ki, penalti olmasa idi bizə qol vura bilməzdi. Bu barədə nə düşünürsüz?
- Onların məşqçilərini çox bəyənirdim. Futbol taktikası xoşuma gəldi. Onun bu fikri normaldır.
- Oyunda nəyi dəyişmək istəyirdiniz?
- Nəsə dəyişmək istəmirdim. Artıq meydanda hücuma meyilli heyət var idi. Ceyhun daha çox dayaq müdafiəçisi qismində oynayırdı. Rəqibin qapıçısı çox yaxşı çıxış etdi. Müdafiəçilərə əla istiqamət verirdi.
- Pley-offda “Omoniya” ilə qarşılaşacaqsınız. Bununla bağlı nə düşünürsünüz?
- Komanda haqqında heç bir məlumatım yoxdur. “Fehervar"la oyunda üstünlük əldə ediblər. Bu da onu deməyə əsas verir ki, güclü rəqibdir və avrokubok təcrübəsi var. Yəqin ki, qrupa düşməyə həvəslidirlər. Əlimizdən gələni edəcəyik ki, qələbə bizim olsun.
- Bundan öncəki oyunlarda hakimlərlə bağlı fikirləriniz bir tərəfli olurdu.
- Bu gün oyunu yaxşı idarə etdilər. İkinci qolda cərimə zərbəsinin olub olmadığı mənə sual qaldı. Sanki cərimə zərbəsi yox idi. Lakin qalan mövzularda bərabər səviyyədə davrandı.
- Futbolçular sanki penaltiləri yerinə yetirərkən çətinlik çəkirlər.
- Futbolçularımızın çoxu ilk dəfə 3-cü mərhələdə oynayır. Penaltini yerinə yetirmək ustalıq tələb edir. Bu gün udmasaq belə, bu, bizim üçün bir təcrübə idi. Bu gün penaltilərin çoxunun dəqiq olmamasının səbəbi qapıçıların yaxşı səviyyədə olması və yorğunluq idi. Biz hər şeyi 120 dəqiqədə həll etmək istəyirdik.
- Ötən mövsüm “Zirə”nin müdafiəsi çox tənqid olunurdu. Lakin indi komanda Avropanın bir sıra klubuna qarşı gələ bilir. Bəs, o komandadan indiyə nə dəyişdi?
- Bu barədə çox danışmaq istəmirəm. Çox şey dəyişməmişik. Eyni məşqdir. Biz bunun bəhrəsini gördüyümüz üçün sevinirəm.
- Penaltilər seriyasında ehtiyat oyunçular skamyasında olanlara sevinərkən sakitləşmələrini tələb edirdiniz. Bunun səbəbi nədir?
- Mən çılğın sevincin tərəfdarı olmamışam. Bu mənim sevmədiyim bir şeydi. Həmişə bildirirdim ki, Allaha dua edin ki, qələbə bizimlə olsun.
İdman.biz