Çexiya millisinin sabiq qapıçısı 64 yaşında vəfat edib

15 Sentyabr 2026 21:31
93
Çexiya millisinin sabiq qapıçısı 64 yaşında vəfat edib

Çexoslovakiya və Çexiya millilərinin sabiq qapıçısı, “Vest Hem Yunayted” klubunda oynamış futbolçu Lüdek Mikloşko 64 yaşında dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mikloşko beş il xərçəng xəstəliyi ilə mübarizə aparıb. 2024-cü ilin dekabrında İngiltərəyə son səfəri zamanı o, xəstəliyi barədə ictimaiyyətə açıqlama verib və müalicədən imtina etmək qərarına gəlib.

“Vest Hem”in heyətində qapıçı 1990-cı ildən 1998-ci ilə qədər çıxış edib, klubun heyətində 291 matç keçirib və bunların 93-də qapısını toxunulmaz saxlayıb. O, həmçinin “Kuinz Park Reyncers” və “Banik Ostrava”nın şərəfini qoruyub.

Mikloşko Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə iki oyun keçirib. Karyerasını bitirdikdən sonra 2001-ci ildən 2010-cu ilə qədər “Vest Hem”də məşqçi kimi çalışıb.

İdman.Biz