Premyer Liqamızda yay tendensiyası - TƏHLİL

Xəbərlər
10 İyul 2024 12:15
634
Premyer Liqamızda yay tendensiyası - TƏHLİL

Azərbaycanda yay transfer pəncərəsi davam edir.

İdman.biz xəbər verir ki, keçid dövrünün arxada qalan hissəsi bəzi məqamlarla diqqət çəkir.

Bunlardan biri legioner qapıçılarla bağlıdır. Qısa müddət ərzində xeyli sayda əcnəbi qolkiper Azərbaycandan gedib.

Təkcə dünən iki əlcək sahibi Premyer Liqamıza vida edib. Özü də bu addımı ölkənin iki ən köklü klubunun legionerləri atıb.

Luka Quqeşaşvili “Qarabağ”a, İvan Brkiç “Neftçi”yə vida edib. Gürcüstan millisinin qapıçısı “Panserraikos”a, xorvatiyalı isə “Motor”a keçməyə üstünlük verib.

Bəlkə də hər iki qapıçı Premyer Liqa klubunda “1 nömrə” olmadığından bu addımı atıb. Brkiç yerini Rza Cəfərova uduzmağa başladığı üçün ötən çempionatda cəmi 13 matçda şans qazanıb. Luka isə yalnız 9 görüşdə forma geyinib.

Amma legioner qapıçıların vida tendensiyası daha tez başlayıb və təkcə bu cütlükdən ibarət deyil. “Qarabağ” digər əlcək sahibi Andrey Lunyovu da itirib. Komandasının “1 nömrə”si ötən mövsüm Premyer Liqada 19 dəfə şans qazanıb.

“Kəpəz” də əsas qolkiperini itirib. 24 matça çıxan İqor Rodriges Gəncə klubundan ayrılıb. Bir oyun keçirən və gününü ehtiyatda keçirən Samir Bukviç isə “Araz-Naxçıvan”a vida edib.

Milliləşənləri saymasaq, ötən çempionatın sonunda 8 legioner qapıçı olub. Beş legioner qapıçı Premyer Liqanı tərk edibsə, yalnız ikisi yenidən elitada mübarizə aparacaq. Bunlar “Zirə”li Tiaqo Silva və “Araz-Naxçıvan”lı Kristian Avramdır. Kristof Atanqanın oynadığı “Qəbələ” isə Premyer Liqanı tərk edib. Təbii ki, yeni legioner qapıçılar da gələcək. Amma onlar Tiaqo və Kristiandan fərqli debütant statusunda olacaq.

Qeyd edək ki, ötən mövsüm şans qazanan daha bir legioner qapıçı Vladislav Vasilyuçek hələ çempionatın gedişində “Kəpəz”dən ayrılıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: