Mourinyonun qərarı Vinisiusu “Real Madrid”də çətin vəziyyətə salıb

21 Sentyabr 2026 19:33
40
Mourinyonun qərarı Vinisiusu “Real Madrid”də çətin vəziyyətə salıb

Mövsümə uğursuz başlayan Vinisius Junior “Real Madrid”də artan təzyiqlə üzləşib. Baş məşqçi Joze Mourinyo braziliyalı hücumçunun komandadakı statusuna baxmayaraq, onu əvəzləməkdən çəkinmir.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Mourinyonun Vinisiusa olan səbri tükənməyə başlayır. Bu, “Real Madrid”in “Atletiko” ilə derbi matçında da özünü göstərib. Braziliyalı futbolçu uğursuz çıxışından sonra qarşılaşmanın 54-cü dəqiqəsində əvəzlənib.

Kilian Mbappe isə matçın sonuna qədər meydanda qalıb. Bununla da Vinisius “İnter”, “Rayo Valyekano” və “Elçe” ilə görüşlərdən sonra ardıcıl dördüncü oyunda əvəzlənib.

Mourinyo daha əvvəl Vinisius və Mbappenin oyun vaxtını diqqətlə idarə etməyə çalışsa da, bu yanaşmanın dəyişdiyi görünür.

Mbappe cari mövsümdə 7 matçı tam başa vurub. Vinisius isə bunu yalnız 3 dəfə bacarıb. Fransalı hücumçu 720 dəqiqə meydanda olduğu halda, braziliyalı 652 dəqiqə oynayıb.

Futbolçuların məhsuldarlığında da ciddi fərq var. Mbappe 8 oyunda 8 qol vurub. Vinisiusun hesabında isə 1 qol, 3 məhsuldar ötürmə və “Real Betis”lə matçda qazandığı penalti var.

Hazırda Vinisius “Real Madrid”in bombardirlər siyahısında Mbappe, Cud Bellinqem, Arda Gülər və Karlos Espidən geri qalır. Braziliyalı futbolçu bu göstəricidə beşinci pillədədir. Espi isə cəmi 5 oyunda 26 dəqiqə meydanda olmasına baxmayaraq, Vinisiusdan daha çox qol vurub.

İdman.Biz