“Yurqorden”dən Musa Qurbanlı PAYLAŞIMI

Xəbərlər
14 İyun 2024 21:13
3 645
“Yurqorden”dən Musa Qurbanlı PAYLAŞIMI

"Yurqorden" Musa Qurbanlı ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, İsveç klubu rəsmi saytında azərbaycanlı futbolçu ilə bağlı geniş paylaşım edib.

Açıqlamada Musanın fikirlərinə yer verilib. Azərbaycanlı futbolçu İsveçdə böyük təcrübə qazandığını və azarkeşlərə təşəkkürünü bildirib: "Burada çıxış etmək mənim üçün böyük təcrübə idi və çox şey öyrəndim. "Yurqorden"də keçirdiyim müddətdə çoxlu dostlar qazandım və heyrətamiz insanlarla tanış oldum. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Onlar qarşısında çıxış etmək mənim üçün böyük şərəf idi. Komandada bütün gücümü nümayiş etdirməyə çalışdım və əlbəttə, burada hər şeyin mənim üçün daha uğurlu olmasını istərdim".

Klubun idman direktoru Bosse Anderson Musanın "Yurqorden"dəki çıxışına toxunub. O, Azərbaycan yığmasının oyunçusunun gənc və istedadlı olduğunu bildirib: "Musa millinin gənc və perspektivli üzvüdür, onun inkişafı üçün daha çox oyun tələb olunur. Yaz futbol mövsümü Qurbanlı üçün asan keçmədi. Bu futboldur, o, meydana çıxmaq üçün az imkan qazandı. İndi Musa ona yaxşı tanış və etimad göstərilən yerə gedir. Biz və "Qarabağ" bu keçidlə bağlı səmərəli danışıqlar apardıq, bu zaman gənc oyuncu peşəkar davrandı. Musa gənc, ciddi və ambisiyalıdır, daha yaxşı olmaq üçün onun imkanları var. Ona gələcək karyerasında uğurlar arzulayıram".

Qeyd edək ki, ötən ilin yayında "Yurqorden"ə transfer olunan Musa Qurbanlının bu gün "Qarabağ"a qayıdışı rəsmiləşib.

İdman.biz