Almaniya Niderlandla bacarmadı, Portuqaliya və Norveç qalib gəldi, Azərbaycanın rəqibi səfərdə üç xal qazandı - YENİLƏNİB + VİDEO

25 Sentyabr 2026 00:46
1 031
Almaniya Niderlandla bacarmadı, Portuqaliya və Norveç qalib gəldi, Azərbaycanın rəqibi səfərdə üç xal qazandı

UEFA Millətlər Liqasının A2 qrupunun ilk matçında Niderland və Almaniya milli komandaları qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyff Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Almaniya 32-ci dəqiqədə Feliks Nmeçanın qolu ilə hesabı açıb. Niderland isə 90+2-ci dəqiqədə Kodi Qakponun qolu ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, qarşılaşmanın 13-cü dəqiqədə Vircil van Deyk başla topu qapıya göndərsə də, Brayan Brobbinin qapıçı Mark-Andre ter Ştegenə qarşı foluna görə qol ləğv edilib.

Matçdan əvvəl Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala isinmə zamanı zədələnib. İlk hissədə isə Kay Havertz və Brayan Brobbi zədə səbəbindən meydanı tərk ediblər.

Qarşılaşma Almaniya və Niderlandın yeni baş məşqçiləri Yurgen Klopp və Xavi Ernandes üçün milli komandaların sükanı arxasında ilk oyun olub.

Paralel keçən qarşılaşmada Yunanıstan isə Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Serbiya Andriya Jivkoviçin dördüncü dəqiqədə vurduğu qolla hesabı açıb. Yunanıstan Xristos Tsolisin qolu ilə 74-cü dəqiqədə hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə Anastasios Duvikas Yunanıstana qələbə qazandırıb.

İkinci turda Serbiya Niderlandla, Yunanıstan isə Almaniya ilə qarşılaşacaq. Hər iki oyun sentyabrın 27-də keçiriləcək.

A4 qrupunda isə Portuqaliya millisi Lissabondakı “Joze Alvalade” stadionunda Uelsi 1:0 hesabı ilə məğlub edib.

Portuqaliyaya qələbəni Joau Feliks qazandırıb. O, Nunu Mendeşin ötürməsindən sonra fərqlənib.

İkinci hissədə Kriştianu Ronaldunun vurduğu qol VAR-a baxışdan sonra ofsayd səbəbindən ləğv edilib.

Qrupun digər oyununda Norveç Danimarkanı 3:2 hesabı ilə məğlub edib. Oslodakı “Ullevol” stadionunda keçirilən görüşdə Norveçin heyətində Oskar Bob və Erlinq Holand fərqlənib. Holand oyunda dubl edib, Martin Edeqor isə iki məhsuldar ötürmə verib.

Danimarka millisinin qollarını Mikkel Damsqor və Rasmus Heylun vurublar.

B3 qrupunda Avstriya İsraili 3:1 hesabı ilə məğlub edib, Kosovo - İrlandiya qarşılaşmasında isə ev sahibləri minimal hesabla qalib gəlib - 1:0.

Azərbaycan millisinin yer aldığı D2 qrupunda baş tutan Lixtenşteyn - Litva matçında isə qonaqlar iki cavabsız qolla qələbə qazanıblar. Qonaqların heyətində Lukas Mixelbrink 53-cü və Artur Doljnikov 66-cı dəqiqədə fərqləniblər.

Sentyabrın 27-sində Azərbaycan səfərdə Litva millisi ilə qarşılaşacaq.

22:38

UEFA Millətlər Liqasının D1 qrupunda Andorra və Malta milli komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 17-ci dəqiqədə Girom Lopezin qolu ilə Andorra millisi açıb. 36-cı dəqiqədə İrvin Kardona fərqlənərək Maltanın hesabı bərabərləşdirməsinə kömək edib.

Qonaqların qələbə qolunu isə 81-ci dəqiqədə Teddi Teuma vurub. Malta millisi 85-ci dəqiqədə penalti zərbəsini reallaşdıra bilməyib.

Beləliklə üç komandanın (Malta, Andorra və Cəbəllütariq) yer aldığı qrupda Malta ilk oyunda aktivinə üç xal yazdırıb.

Qeyd edək ki, FIFA reytinqində Malta 161-ci, Andorra isə 172-cidir.

09:28

UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinə bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə ümumilikdə səkkiz qarşılaşma keçiriləcək. Onlardan dördü A Liqasının payına düşür.

Günün ən maraqlı görüşlərindən biri Niderland və Almaniya milliləri arasında baş tutacaq. A2 qrupunun digər matçında Serbiya Yunanıstanı qəbul edəcək. A4 qrupunda isə Norveç Danimarka ilə, son qalib Portuqaliya isə Uelslə qarşılaşacaq.

B Liqasında Avstriya - İsrail və Kosovo - İrlandiya Respublikası oyunları keçiriləcək. D Liqasında isə Andorra Malta ilə, Lixtenşteyn Litva ilə üz-üzə gələcək.

24 sentyabr, Bakı vaxtı ilə:

20:00 Andorra - Malta

22:45 Niderland - Almaniya

22:45 Serbiya - Yunanıstan

22:45 Norveç - Danimarka

22:45 Portuqaliya - Uels

22:45 Avstriya - İsrail

22:45 Kosovo - İrlandiya

22:45 Lixtenşteyn - Litva

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının D2 qrupunda ilk matçını sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək.

İdman.Biz