Rafinyadan “Barselona”da dönüşünü dəyişən Flik etirafı

25 Sentyabr 2026 00:18
76
Rafinyadan “Barselona”da dönüşünü dəyişən Flik etirafı

“Barselona”nın futbolçusu Rafinya son illərdə keçdiyi mövqe dəyişikliyindən və klubda qalmasında Hans Flikin rolundan danışıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu bu yay cinah və ya hücumameyilli yarımmüdafiəçidən əsas hücumçuya çevrilməsinin “Barselona” üçün uğurlu alındığını bildirib.

“Düşünürəm ki, bəlkə də insanlar məndə özümün fərqinə varmadığım bir şeyi gördülər. Hətta uşaq vaxtı da mən “9 nömrə” olmamışam.

Mövsümöncəsi hazırlıqda bir neçə sınaq keçirdik. Baş məşqçinin gördüyü iş xoşuna gəldi və “Bazel”lə oyundan sonra mənə öz ideyası haqqında danışdı.

Məşq prosesi son iki il ərzində mərkəzə, qapıya daha yaxın oynamağa alışmaqla keçdi. Lakin məni həqiqi “9 nömrə” kimi sınadıq və hər şey yaxşı getdi.

“Elçe” ilə oyundan əvvəl o, orada özümü rahat hiss edib-etmədiyimi, yoxsa əvvəlki mövqeyimə qayıtmaq istədiyimi soruşdu. Dedim ki, hər şey qaydasındadır, baxaq görək necə alınır. Hər zaman əvvəlki mövqeyə qayıda bilərik.

Həmişə demişəm və deyəcəyəm ki, o, mənim düşüncə tərzimi dəyişdi, məni bir insan kimi dəyişdi”, – Rafinya deyib.

Braziliyalı futbolçu etiraf edib ki, Hans Flik kluba gəlməzdən əvvəl “Barselona”dan ayrılmağa çox yaxın olub.

“Ağlımda getdiyimi bilirdim. Psixoloji olaraq bu iş bitmişdi, həqiqət budur. Mən Braziliyada idim və Flik zəng etdi. Dedi ki, yekun qərar verməzdən əvvəl gəlib onunla danışım.

Onunla görüşdüm və dedi ki, mənə inanır, vacib olacağam və komandanın oyun üslubu mənim üçün yaxşı olacaq. Belə bir məqamda bir neçə kiçik söz sizi dəyişə bilər.

Özümə qarşı böyük inam hiss etdim. O, mənə öz futbolumu oynamaq üçün əminlik verdi. Beynimə bir fikir həkk etdim: hansı mərhələdə olmağınızdan asılı olmayaraq, hər şeyinizi ortaya qoyun”, – Rafinya əlavə edib.

İdman.Biz