Fernandu Santuş: "Əsas məqsəd futbol oynamaq deyil" - MÜSAHİBƏ - FOTO - VİDEO

Müsahibə
13 İyun 2024 12:08
1 145
Fernandu Santuş: "Əsas məqsəd futbol oynamaq deyil" - MÜSAHİBƏ - FOTO - VİDEO

“Ümumi proses haqqında danışmağa vaxtım olacaq”.

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunan Fernandu Santuş deyib.

Təcrübəli portuqaliyalı mütəxəssis təqdimat mərasimində AFFA-ya ona etimad göstərdiyi üçün təşəkkür edib: “Onların gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Qərarımda bu kimi məsələlər önəmli idi. Təbii ki, bu qarşılıqlı anlaşma gələcək layihələri həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, AFFA rəhbərliyi məni seçib”.

- Azərbaycan yığması reytinq cədvəlində ilk “100-lük”də də deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul etdiniz?

- ⁠Doğurdan da, təklif cəlbedici oldu. Ona görə burdayam ki, daha öndə olaq. Bu səbəbdən də qəbul etdim.

- ⁠Azərbaycanı Avropa çempionatında görmək üçün nələr etməliyik? Bu barədə Santuşun nə kimi planları var?

- ⁠Gürcüstanın AVRO-2024-də iştirakı bizim üçün motivasiyadır. Qazaxıstan da yaxın idi. 2028-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq üçün hər bir şərait var. Təkcə mənim yox, sizin də dəstəyiniz önəmlidir. Xalqın inamı və dəstəyi lazımdır. Uğur anidən göydən düşmür. Çox təəssüf ki, əvvəlki seçmə mərhələlərdə Azərbaycan səhv edib, alınmayıb. Mənim üçün də əsas motivasiya bunu dəyişməkdir. İnanıram ki, bu bizdə alınacaq. Onu da qeyd edim ki, mən komandamla birgə Azərbaycanda yaşayacam. Bu layihəni həyata keçirmək üçün mədəniyyətinizlə yaxından tanış olacağıq. Ailəm də burada qalacaq.

- Yığma ilə bağlı layihəni açıqlaya bilərsiz?

- Bu, komandanı oyunlara hazırlamaq və matçda iştirak etməklə yekunlaşmır. Mən 2010-da Yunanıstan millisi ilə müqavilə imzalayanda da buna bənzəyirdi. Burada əsas məqsəd futbol oynamaq deyil. Burada amalımız aşağı yaş qrupları ilə də bağlıdır, fikirlərimiz var.

- ⁠3+1 illik müqavilə imzalamısız. Bu qədər enerjiniz varmı? Bizim məşqçilərdə tənqid etdiyimiz məqam müdafiəyəmeyilli oyun olub. Sizin rəhbərliyiniz altında hücum futbolu görə biləcəyik?

- ⁠Tam enerjiliyəm. Kifayət qədər motivasiyam var. Bütünlükdə bu layihəyə köklənmişik. Heç bir problem yoxdur. Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün həm hücum etmək, həm də müdafiə olunmalıyıq. Azərbaycanda daha öncə olmuşam. Bura gələnə qədər də milliniz barədə fikirlərim var idi. Əsas bu iki faktoru cəmləmək və qol vuraraq qapımızı toxunulmaz saxlamaqdır. Qələbə qazanmaq üçün də yaxşı oyun nümayiş etdirməyi bacarmalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onlar qələbə ilə yanaşı, cəlbedici futbol istəyində olurlar. Biz onları stadionlara cəlb etmək üçün hər şey edəcəyik.

- ⁠Daha öncə “Beşiktaş”da çalışmısınız. Azərbaycana gəlmənizdə Türkiyə klubunun rəhbərliyinin rolu və ya vasitəçiliyi olub?

- ⁠Uyğunlaşmaq baxımından Türkiyənin Azərbaycana qonşu ölkə olması mənə kömək edəcək. Mədəniyyətin və yeməklərin yaxın olması və s. bütün bunlar önəmlidir. 2020-ci ildə Azərbaycana gələrkən mənlə köməkçilərim ölkəni bu dərəcədə müasirliyini gözləmirdik və çox təəccüblənmişdik. Yaxşı mənada şəhəriniz bizi valeh etdi.

- Amma “Beşiktaş” rəhbərliyinin nə dərəcədə rolunun olub və ya olmadığını demədiz...

- ⁠Onlarla münasibətimiz yaxşıdır. Klubun Azərbaycan yığmasını seçməmdə heç bir rolu olmayıb.

- ⁠İstədiyiniz nəticə olmayanda siz də Canni de Byazi kimi jurnalistləri günahlandıracaqsız?

- ⁠Narahat olmayın, sizi günahlandırmayacam. Çünki uğursuz nəticə varsa, məsuliyyəti daşıyan məşqçilər korpusu və futbolçulardır. Yəni siz burdasız və öz işinizi görürsüz. Biz fikrinizlə razı olub və ya olmaya bilərik, amma hörmətlə yanaşmalıyıq. Buraya iş görmək üçün gəlmişik. Hədəflərimizə çatacağımızı düşünürəm.

- ⁠AVRO-2024-də Portuqaliyanın yer aldığı qrupda Türkiyənin şanslarını necə dəyərləndirərdiniz?

- ⁠Bura yığışmağımızın səbəbi bu deyil. Mənə elə gəlir ki, Türkiyə Avropa çempionatında uğurlu çıxış edəcək. Uzun müddət milli komandalarla çalışmışam. Yeni yığmaya başçılıq edəcəm. Amma başqa milli barədə danışmaq xoş deyil.

- Yığmamızda diqqətinizi çəkən futbolçular varmı?

- ⁠Hansısa futbolçunun adını çəkə bilmərəm. Futbolda 90 faiz oyunun nəticəsi kollektiv oyun yaxşı olduqda normal alınır. İyunun 28-dən biz Azərbaycana gəlib ölkə çempionatındakı oyunları izləyəcəyik. ⁠Mümkün qədər tez nəticə qazanmağa çalışacağıq. Ortada acı realıq var ki, bütün şərtləri nəzərə almalısız. Faiz nisbəti ilə götürsək, tez bir vaxtda yaxşı nəticə qazanmaq istəyirik. Sabah qələbə qazanacağıq desək də, doğru olmaz. Amma hər şey edəcəyik ki, tez zamanda nəticə qazanaq.

- ⁠ Azərbaycan millisinə tətbiq etmək istədiyiniz strategiya üçün 4 il sizə bəs edəcək?

- ⁠AFFA ilə danışıqlar zamanı qərar gəldik ki, 2028-ci ilədək olan müddət strategiyamızı həyata keçirmək üçün yetərlidir. Bizim üçün bu 4 il yetərli olacaq.

Qeyd edək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

İdman.biz

Məqalədə: